BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİ AZƏRBAYCANDA JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQLARDAN NARAHATDIR

“Hakimiyyət  jurnalist və  mətbuat nümayəndələrinin söz və  ifadə azadlığını tamamilə təmin etməli və qorumalı, bu istiqamətdə hüquqi mexanizmlər və praktiki tədbirlər təqdim etməlidir.

Hakimiyyət jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı olan zorakılıqlarla əlaqədar təxirəsalınmaz və ədalətli araşdırmalar aparmalı, təqsirkarları tapmalı və cəzalandırmalıdır”. Bu çağırışlar  Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) bu ayın 9-u və 10-da Azərbaycan üzrə keçirilən dinləmələrin nəticəsi olaraq təqdim etdiyi yekun sənəddə öz əksini tapmışdır.

     Noyabrın 20-də təqdim edilən yekun sənəd 31 maddədən ibarətdir. Sənəddə qanunvericilikdə edilən dəyişikliklər və müxtəlif proqramların qəbulu pozitiv məqamlar kimi qeyd edilib. Bununla belə, sənədin böyük hissəsi Komitə üzvlərinin narahat olduğu məsələləri və bu məsələlərin həlli üzrə hakimiyyətin görməli olduğu işləri əhatə edir. Bir sıra hallarla yanaşı tanınmış bloggerlər və ictimai fəallar Emin Milli və Adnan Hacızadənin həbsi zamanı yol verilmiş tibbi və hüquqi yardım hüququnun pozulması, həbsxanada tibbi yardımın gecikdirilməsi nəticəsində “Tolışi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun və vətəndaş Mahir Mustafayevin ölməsi narahatçılıq doğuran məqamlar kimi sənədə daxil edilib.

     Sənəddə  xüsusi bölmə kimi jurnalistlərə və hüquq müdafiəçilərinə  qarşı olan zorakılıq halları öz əksini tapmışdır. Qeyd edilir ki, İƏK üzvləri mətbuata qarşı olan təzyiqlərdən, xüsusilə jurnalistlərin və hüquq müdafiəçilərinin döyülməsi və zorakılığa məruz qalmasından və bu məsələlərin araşdırılmamasından narahatdır. Eyni zamanda alternativ media vasitələrində öz fikirlərini ifadə edən şəxslərin (red – Emin Millli və Adnan Hacızadə) həbsə atılması da narahatçılıq doğuran məsələ kimi qeyd edilib.

     Xatırladaq ki, 09 noyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) 43-cü sessiyası çərçivəsində Azərbaycanda işgəncə və digər qeyri-insani davranış halları ilə bağlı müzakirələrdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rəsul Cəfərov Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan Azərbaycan QHT-ləri (D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası, Demokratiya və İnsan Hüquqları İctimai Birliyi, Hüquq Maarifçiliyi Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi, RATİ) tərəfindən İnsan Haqları Evi Fondu (HRHF) ilə birlikdə hazırlanan alternativ hesabatla çıxış etmişdi.

Previous Post

GƏNCLƏR TƏŞKİLATLARI JURNALİSTLƏRİN HƏBSİNƏ ETİRAZ OLARAQ BAKININ MƏRKƏZİNDƏ AKSİYA KEÇİRDİLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.