ABŞ DÖVLƏT DEPARTAMENTİ 2009-CU İL ÜÇÜN AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİNƏ DAİR HESABAT YAYIB

ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabat yayıb.

Hesabatda bildirilir ki, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb: “Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində fikir və toplaşmaq azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb. Referendum əleyhinə təbliğat aparan müxalifət qrupları təzyiqlərlə üzləşdiklərini bildiriblər”.
Hesabatda deyilir ki, Konstitusiyaya dəyişiklik təklifləri arasında bir nəfərin istədiyi qədər prezident seçilməsinə şərait yaradılması ilə bağlı müddəa var idi. Dövlət Departamenti məsələ ilə əlaqədar Avropa Şurası Venesiya Komissiyasının rəyini xatırladır və qeyd edir ki, demokratik ənənələrin tam oturuşmadığı ölkələrdə prezidentlik limitinin olması vacibdir.
Dövlət Departamenti hesab edir ki, hakimiyyət müxalifət partiyalarının yalnız şəhərin mərkəzindən xeyli uzaq yerlərdə kütləvi aksiya keçirməsinə icazə versə də, hakim Yeni Azərbaycan Partiyasına şəhərin mərkəzi meydanı verilib.
“Polis Bakıda gül bayramına qarşı çıxan 50-dən çox gənci saxlayıb. 10 may 2009
Il ərzində Bakıda İsrail səfirliyi, Milli Teleradio Şurası, Milli Məclis və başqa binalar qarşısında etiraz aksiyaları keçirmək cəhdlərinin qarşısı alınıb. Polis aksiya iştirakçılarını zor tətbiq etməklə dağıdıb, bəzilərini saxlayıb.”
Hesabatda bildirilir ki, qanunlar mətbuat üzərində senzuranı qadağan edir. Amma praktikada hökumət tez-tez bu söz azadlığına hörmətsizlik nümayiş etdirir. Ötən il ərzində hökumət media azadlığını məhdudlaşdırmaq üçün yeni addımlar atıb: “Müxalifət partiyaları öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr də və buna görə repressiyaya məruz qalmaq qorxusu keçirməsələr də, hökumət bəzi hallarda məmurları və hökumətin addımlarını tənqid edənləri cəzalandırıb. Konstitusiyaya edilən dəyişikliklərə görə, şəxsin icazəsi olmadan onun fotosunu və videosunu çəkmək olmaz. Hökumət həm də qanuna mətbu orqanlarını bağlamaq imkanlarını daha da asanlaşdıran əlavə edib. Hökumət həm hökumətyönlü, həm də müxalifət qəzetlərinə (55 mətbu orqanına) büdcədən yardım edib. Amma bəzi şərhçilər bu proqramı hakimiyyətin onsuz da nəzarətdə olan mətbuatı bir az da zərərsizləşdirmək cəhdi kimi qiymətləndiriblər. Hakimiyyəti tənqid edən bir sıra jurnalistlər təqiblərə və fiziki təzyiqlərə məruz qalıblar”.
Yanvarın 1-də hökumətin “Azadlıq”, “Amerikanın səsi”, BBC kimi xarici radiostansiyaları FM tezliyindən məhrum etməsi də hesabatda əksini tapıb.
Amerika Dövlət Departamentinin hesabatında bildirilir ki, hökumət bir neçə jurnalisti həbsdən azad etsə də, bəzi jurnalistlər hələ də həbsdə qalır. Hakimiyyət onların jurnalist fəaliyyəti ilə bağlı tutulmadıqlarını bildirsə də, beynəlxalq və yerli şərhçilər hesab edir ki, onlar hakimiyyəti tənqid etdikləri üçün həbsdədirlər.
Hesabatda deyilir ki, iyulun 8-də bloggerlər Emin Milli və Adnan Hacızadə restoranda fiziki təzyiqə məruz qalsalar da, özləri davanı başlamaq ittihamı ilə polis tərəfindən həbs ediliblər, onlara hücum edənlər isə azadlığa buraxılıb: “Müşahidəçilər qeyd edirlər ki, hücum edənlər Milli və Hacızadədən xeyli cüssəli imişlər. Müşahidəçilər inanırlar ki, hakimiyyət təxribat yoluyla Milli və Hacızadəni İnternet vasitəsilə islahataların aparılmasının vacibliyini dinc formada ifadə etdikləri və hakimiyyət əleyhinə iddia edilən fəaliyyətlərinə görə cəzalandırmaq istəyib”".
Hesabatda ölkədə azı 4 nəfər işgəncələrdən ölməsi və hüquq-mühafizə orqanları bu ölümlərə görə məsuliyyət daşımaması da qeyd olunub.
Hesabatda həmçinin erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinə və Azərbaycanın bölgə ətrafındakı 7 rayonuna nəzarət etməsi bu ərazidə çoxlu ölümlərin olması vurğulanır.
 

Hesabatın ingilis dilində tam mətni: 

http://www.state.gov/g/drl/rls/hrrpt/2009/eur/136020.htm

 

Previous Post

EYNULLA FƏTULLAYEV ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI YENİ AÇIQLAMALAR VERİB

Next Post

“DEMOKRATİK CƏMİYYƏTDƏ MEDİA: BEYNƏLXALQ VƏ YERLİ TƏCRÜBƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.