EYNULLA FƏTULLAYEV ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI YENİ AÇIQLAMALAR VERİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinə və Azərbaycan prezidenti İlham Əliyevə geniş məktub göndərib.

Məktubun bir nüsxəsini baş redaktorun yaxınları “Turan” agentliyinə təqdim ediblər. Məktubun girişində deyilir ki, bu, onun müraciətinə əlavə və “həbsinin əsl səbəblərinin izahıdır”.
E.Fətullayev məktubunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlamalar verib.  O bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi sadəcə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlində iştirak etməyib, həm də uzun müddət ən yüksək səviyyədə bu ağır cinayəti hazırlayıb və qurumun polkovniki, Antiterror Mərkəzinin rəis müavini Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub.
Fətullayev yazır ki, bu polkovnik uzun müddət qətl icraçılarını axtarırdı. Hələ 2004-cü ilin sonlarında o, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “kriminal avtoritet”ə müraciət etmişdi (ad çəkilmir). “Ona pul mükafatı əvəzində Elmar Hüseynovun qətlini təşkil etmək təklif olunmuşdu, lakin cani bundan imtina edib. Onda MTN əməkdaşı bu qətli həmyerlisi olan Gürcüstan vətəndaşı Serko Darvişevə tapşırdı. Teymuraz Əliyev və Tahir Xubanovun da daxil olduğu bu cinayətkar qrup 2 mart 2005-ci ildə jurnalisti qətlə yetirdi” – deyə yazan Fətullayev bütün bu məlumatları ona “kriminal avtoritet”in verdiyini yazıb. O əlavə edib ki, 2007-ci ilin fevralında vəkili ilə birlikdə cəzaçəkmə müəssisəsində bu şəxsə baş çəkib. Buna qədər isə avtoritet Fətullayevə zəng edərək, xüsusi xidmətlərin təxribatları haqqında ona məlumat verib. Fətullayev cəzaçəkmə müəssisəsinə daxil olmaq üçün rüşvət verib və saxta sənədlərdən istifadə edib.
Lakin jurnalistin cəzaçəkmə müəssisəsinə getməsi və sözügedən şəxslə görüşməsi barədə MTN xəbər tutub və Fətullayev bildirir ki, bu barədə xüsusi xidmətlərə onun “kriminal avtoritet”in verdiyi məlumatları açıqladığı redaktorlardan biri xəbər verib.
Fətullayev hesab edir ki, aldığı informasiyanı “Realnıy Azerbaydjan” qəzetində dərc etmək planları həbsinin və məhkəmə təqibinin əsl səbəbi olub.
o, öz məktubunda iddia edir ki, MTN rəhbərliyi bir neçə dəfə onu hədələyib və Elmar Hüseynovun qətli və hüquq-mühafizə orqanlarının bunda əli olması barədə yazmamağı tələb edərək, bunun nəticələri barədə xəbərdarlıq edib. Lakin o, bu tələblərə məhəl qoymayıb və 2007-ci ildə saxta terrorla hədələmə ittihamı ilə həbs edilib.
2007-ci ilin iyununda MTN-in istintaq təcridxanasında Çovdarov ona baş çəkib və söhbət zamanı hakimiyyətin ünvanına tənqidi yazılarına görə Elmar Hüseynovun qətlinin təşkilində iştirak etdiyini qeyd edib.    Fətullayev yuxarıda deyilənləri təsdiq edəcək heç bir dəlil göstərmir.
Öz növbəsində, MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Fətullayevin iddialarını “Turan”a şərh edərkən onları “uydurma və cəfəngiyyat” adlandırıb. Babayevin sözlərinə görə, Fətullayev heç bir fakta əsaslanmır və bu şəkildə Elmar Hüseynovun qətlində istənilən şəxsi ittiham etmək olar.
    Babayevin sözlərinə görə, istintaq jurnalistin qətlinin açılması üzrə zəruri tədbirləri görür.
Qeyd edək ki, E.Fətullayev martın 1-də verdiyi apellyasiya şikayətində Elmar Hüseynovun qətli ilə bağlı araşdırmaları nəticəsində baş redaktorun qətlinin arxasında MTN zabitlərinin durduğu qənaətinə gəldiyini qeyd edib. O, bu qətli araşdırdığına görə həbs edildiyini vurğulayıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

GÜRCÜSTAN PROKURORLUĞU ELMAR HÜSEYNOVUN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏRİN AZƏRBAYCANA VERİLMƏMƏSİNƏ

Next Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ 2009-CU İL ÜÇÜN AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİNƏ DAİR HESABAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.