EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNDƏ YAXIN GÜNLƏRDƏ QƏRAR VERİLƏCƏK

Dünən (28 yanvar) Avropa İnsan Haqları Məhkəməsinin prezidenti Jan Pol Kosta Strasburqda məhkəmənin Avropa ölkələrində fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib.

O, bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi yaxın günlərdə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayevin şikayəti əsasında qərarını elan etməlidir. Cənab Kosta əlavə edib ki, o, məhkəmənin prezidenti olaraq qərar mərhələsində olan işlərə şərh verə bilməz.
“Azadlıq” Radiosunun Azərbaycan xidmətinin müxbiri baş redaktora qarşı yeni ittihamlar irəli sürüldüyünü bildirərək, yeni ittihamın veriləcək qərarda nəzərə alınıb-alınmayacağını soruşub. “Prinsipcə, əgər yeni ittiham varsa, Avropa İnsan Haqları Məhkəməsinə yeni müraciət olunmalıdır” – deyə cavab verən Kosta vurğulayıb ki,  yeni ittihamlar haqda eşidib, amma məsələni şərh etmək onun üçün çətindir.
Mətbuat konfransı ilə bağlı videoya baxmaq üçün
http://www.echr.coe.int/echr/Homepage_EN linkindən istifadə edə bilərsiniz.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

PROKURORLUQ EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİNİ RƏDD EDİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.