PROKURORLUQ EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİNİ RƏDD EDİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işgəncəyə məruz qalması ilə bağlı prokurorluğa etdiyi şikayət əsassız sayılıb.

Bu barədə APA-ya Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev məlumat verib. O, bildirib ki, Eynulla Fətullayevin şikayəti əsassız olduğu üçün, 21 yanvar 2010-cu il tarixdə cinayət işinin başlanması rədd edilib. 
Qeyd edək ki, Eynulla Fətullayev dekabrın 29-da üzərində narkotik tapılması ilə əlaqədar Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində dindirilməsi zamanı, həmin müəssisənin əməliyyat şöbəsinin rəisi Kərim Şirinov tərəfindən təhqir olunması, işgəncələrə məruz qalması, eyni zamanda saxlanıldığı kameranın kommunal şəraitinin pis olması barədə prokurorluğa şikayət etmişdi.
Əlavə edək ki,  29 dekabr 2009-cu ildə üzərindən 0,223 qram heroin tapılan Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Məlumat üçün bildirək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

PPEZİDENTİN ƏMİSİ JURNALİSTLƏRİN HƏBS OLUNMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Next Post

EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNDƏ YAXIN GÜNLƏRDƏ QƏRAR VERİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.