VİDADİ İSGƏNDƏRLİNİN APELYASİYA ŞİKAYƏTİNƏ BAXILMAĞA BAŞLANILIB

Bu gün (18 oktyabr) Şəki Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin  sədrliyi ilə hüquq müdafiəçisi V. İsgəndərlinin  Göyçay rayon Məhkəməsinin  27 avqust 2011-ci ildə çıxardığı qərardan verdiyi  apellyasiya şikayətinin ilkin baxış iclası keçirilib.

Hüquq müdafiəçisinin vəkili Yalçın İmanovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdiyinə görə, müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, foto, audio, video çəkilişlərin aparılması və apellyasiya şikayətinə məhkəmə istintaqı formasında baxılması barədə vəsatət qaldırıb.  Dövlət ittihamçısı Vidadi Cabbarov qaldırılan vəsatətlərin əsassız və gərəksiz olduğunu bildirib. Hakim Q. Babayev qısa sürən müşavirədən sonra müdafiə tərəfin  vəsatətlərinin təmin edilmədiyini və prosesin 1 noyabr saat 15:30-a təyin edildiyini bildirib.

Xatırladaq ki, Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə bülleteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib.

Vidadi İsgəndərli bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Göyçay rayon Məhkəməsi 27 avqust 2011-ci ildə hüquq müdafiəçisi V. İsgəndərlinin  3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsi barədə qərar çıxarıb.

 

Previous Post

“XURAL” QƏZETİNİN İCRANIN DAYANDIRILMASI İLƏ BAĞLI MÜRACİƏTİ TƏMİN EDİLMƏYİB

Next Post

İCTİMAİ PALATADA MÜSTƏQİLLİK BAYRAMI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.