Monitoring.az saytının 14 mart 2010-cu il tarixində yaydığı məlumata görə tanınmış telejurnalist İlhamiyyə Rzanın “Space” Müstəqil Teleradio Şirkətinə qarşı iddiası üzrə Yasamal Rayon Məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayəti verilib.
Məlumatda bildirilir ki, jurnalistin telekanala qarşı iddia qaldırmasına səbəb işdən azad olunması barədə əmrin surətinin və əmək kitabçasının ona üç ildən sonra verilməsi və həmin şirkətdə işləməsi barədə müvafiq qeydin aparılmasından telekanalın qanunsuz olaraq imtinası olub.
Bu səbəbdən telejurnalist 2009-cu ilin avqustunda “Space”-ə qarşı iddia qaldırıb və işlədiyi müddətlə bağlı əmək kitabçasında müvafiq qeydin aparılması və pozuntu nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin telekanalın üzərinə vəzifə kimi qoyulmasını istəyib. Lakin Yasamal Rayon Məhkəməsi 18 yanvar 2010-cu il qətnaməsi ilə İ. Rzanın iddiasını təmin etmədiyindən onun hüquqlarını müdafiə edən Hüququ Maarifçiliyi Cəmiyyətinin hüquqşünasları Bakı Apellyasiya məhkəməsinə şikayət veriblər.