POLİSLƏR TƏRƏFİNDƏN RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN İSMAYIL HƏSƏNOVUN HƏYAT YOLDAŞI VƏ OĞLU İTKİN DÜŞÜB

Polis özbaşınalıqlarından şikayət etdiyi üçün Ruhi Xəstəliklər Dispanserinə yatırılan Həsənov İsmayıl Süleyman oğlunun həyat yoldaşı II qrup əlil Həsənova Xanımzər Abo qızı və oğlu I qrup əlil Həsənov Elvin yoxa çıxıb.

5 gündür ki, qohumları onları axtarsalar da tapa bilmirlər. Dünən (11 yanvar) X. Həsənovanın qardaşı Məhərrəm İsmayılov qohumlarının yoxa çıxması haqqında Sədərək rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Məlumatı RATİ-nin Naxçıvan müxbirlərinə Həsənovlar ailəsinin qohumları bildirib.
“5 gün bundan əvvəl Həsənova Xanımzər Abo qızı  və Həsənov Elvin Ruhi Xəstəliklər Dispanserinə Həsənov İsmayıl üçün yemək və isti paltar aparıblar. Həmin gün polislər Sədərəkdə onları axtarıb. Onlar evlərinə qayıtmadılar. Sonra polislər bütün qohumlarımızın ünvanlarını siyahıya aldılar, hətta Naxçıvan şəhərində olan bütün qohumlarımızın ünvanlarını da onlara verdik. Orada olan qohumlarımızın hamısının evində axtarış aparılıb. Onların qəzaya düşməsi, həbs olunması və başlarına hansı hadisənin gəlməsi haqda heç bir məlumat ala bilməmişik. Çarəsiz qalaraq dünən(11 yanvar) Sədərək rayon Polis Şöbəsinə onların itkin düşməsi barədə ərizə vermişik. Polis şöbəsində rəis məndən soruşdu ki, onlar haradadır? Mən ona bildirdim ki, onları sən didərgin salmısan. İki gündən sonra Bakıya gedirəm. Prezident Aparatının qarşısında oturub prezidentin qəbulunda olacağam. Burada baş verən haqsızlıqları prezident İlham Əliyevə çatdırmağa çalışacağam”, – deyə Məhərrəm İsmayılov bildirdi.
“Bu məsələnin sizə aidiyyatı yoxdur. Polisə aidiyyatı var və polis də araşdırır”. Bunu isə RATİ əməkdaşları ilə telefon söhbətində Sədərək rayon Polis Şöbəsinin rəisi Fariz Məmmədov deyib.
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixidə bir qrup gənc əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət ərizəsi yazıblar. Valideynlərdən  İ. Həsənov  3 dekabr 2009-cu il tarixdə polis əməkdaşları tərəfindən Muxtar Respublika Daxili İşlər Nazirliyinə aparılaraq orada saxlanılıb. Daha sonra isə o, Ruhi Xəstəliklər Dispanserinə yatırılıb.
Previous Post

RATİ-NİN BƏYANATI

Next Post

XARİCİ RADİOSTANSİYALARLA BAĞLI ABŞ KONQRESİNİN HELSİNKİ KOMİSSİYASININ SƏDRİ BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.