Bu gün (01 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.
Prosesdə Səbail rayonu 39 və 9-cu polis bölmələrinin hadisə baş verən gün (08 iyul, 2009) növbədə olan əməkdaşları, həmçinin müdafiə tərəfinin şahidləri ifadə veriblər. 39-cu polis bölməsinin əməkdaşları ifadələrində həmin gün Adnan Hacızadə və Emin Millini görmədiklərini bildiriblər. Bununla belə, polis əməkdaşları vəkillərin təqdim etdikləri şəkillərdəki ərazinin 39-cu polis bölməsinin qarşısı olduğunu təsdiq ediblər. Şəkillərdə Adnan Hacızadənin və Emin Millinin zədələr almasını və onlara dostları tərəfindən yardımın edildiyini göstərən görüntülər əks olunub. Dövlət ittihamçısı həmin şəkillərin sübut kimi qəbul edilməsinə qarşı çıxsa da, vəkillər həmin şəkillərin Adnan Hacızadənin telefonu ilə çəkildiyini, şəkilin altında çəkiliş tarixinin və telefonun modelinin əks olunduğunu bildiriblər. Vəkillər həmin fotoşəkillərin yoxlanılması üçün ekspertiza keçirilməsinə də hazır olduqlarını deyiblər. Şəkillər hakimə təqdim edildikdən sonra o bu məsələyə baxacağını qeyd etdi.
Müdafiə tərəfinin şahidlərinin verdiyi ifadələr ötən məhkəmə zamanı verilən ifadələrlə üst-üstə düşmüşdür. Belə ki, şahidlərin hamısı bildiriblər ki, Adnan Hacızadə restorana daxil olduqdan sonra (restorana sonuncu gələn A.Hacızadə olub) Babək Hüseynov və Vüsal Məmmədov kimi tanınan şəxslər restorana gəliblər. Qısa müddətdən sonra Vüsal Məmmədov bloggerlərin əyləşdiyi stola, konkret olaraq Emin Abdullayevə (Milli) yaxınlaşaraq bir neçə dəfə uca səslə “nə deyirsən” – deyə bildirib. Abdullayev onun başa düşmədiyini söyləyəndə Məmmədov onu kəllə ilə vurub. Daha sonra Vüsal Adnan Hacızadəni də kəllə ilə vuraraq ardıcıl zərbələrlə hər iki bloggeri vurmaqda davam edib. Şahidlərin sözlərinə görə, Babək Hüseynovun stola təpik vuraraq və döyəcəyi ilə hədələyərək Vüsalı bloggerlərdən ayırmaq istəyənlərin qarşısını alıb.
Növbəti məhkəmə prosesi 07 oktyabr saat 15.00-a təyin edilib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.