ABŞ-ın Dövlət Katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə gənc bloqşular – Adnan Hacızadə və Emin Millinin döyülməsinə və həbsi məsələsinə də toxunub. Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon keçirdiyi mətbuat konfransında deyib ki, görüşdə Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı vacib suallar qaldırıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.