ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİR

Bakı Ağır Cinayətlər məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə baş redaktor həm dövlət ittihamçısına, həm də hakimə etiraz etsə də, onun etirazları qəbul edilməyib.
Daha sonra vəkil Elçin Sadıqov ötən prosesdə Əvəz Zeynallının etirazına əsasən məhkəmə prosesini tərk etdiyini, buna görə hakim Ramella Allahverdiyevanın Vəkillər Kollegiyasına onunla bağlı məktub göndərdiyini deyib. Sadıqov həmin məktubda prosesdə baş verənlərin təhrif edildiyini hakimin diqqətinə çatdırıb və müdafiə etdiyi şəxsin iradəsinə zidd addım atmaq məcburiyyətində olmadığını bildirib.
Prosesdə şahid qismində ifadə verən “Kurort” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Akif Məmmədov 2006-cı ildə “Xural” qəzetində barəsində şər-böhtan xarakterli yazılar dərc olunduğunu, bununla bağlı qəzetin baş redaktoru Əvəz Zeynallı ilə görüşdüyünü bildirib. Məmmədov görüş zamanı barəsində yazılan məqalələrin dayandırılmasının qarşılığında baş redaktorun ondan qəzet üçün kompüter dəsti istədiyini deyib. Lakin Əvəz Zeynallının həmin istəyini həyata keçirmədiyindən yazıların davam etdiyini vurğulayan Akif Məmmədov, bunun qarşını almaq üçün dostu Xanoğlan Məhərrəmovun Zeynallıya 4000 ABŞ dolları məbləğində pul verdiyini qeyd edib.
Şahid Xanoğlan Məhərrəmov da ifadəsində Əvəz Zeynallıya pul verdiyini desə də, onun ifadəsinin həm özünün ibtidai istintaqa verdiyi ifadə ilə, həm də digər şahidlərin ifadəsi ilə ziddiyyət təşkil etdiyi bəlli olub.
Əvəz Zeynallı heç kəsdən rüşvət almadığını, bunun şahidlərin ifadəsindəki ziddiyyətlərdən də məlum olduğunu bildirib.
Proses 1 avqust saat 15:00-da növbəti şahidlərin dindirilməsi ilə davam etdiriləcək.
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir.
 
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

MÜHARİBƏ VETERANLARININ MÜAVİNƏTLƏRİ DAYANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.