Əvəz Zeynallının məhkəməsində şahidlər ifadə verib

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə növbəti proses keçirilib. Prosesdə şahidlər dindirilib. “Kanal 13” internet kanalının əməkdaşı Aynur İmranova şahid qismində dindirilib. O, 2011-ci il oktyabrın 28-də Əvəz Zeynallını verilişə dəvət etdiyini deyib. İmranova verilişin başlamasına təxminən 5 dəqiqə qalmış baş redaktora zəng etdiyini və Əvəz Zeynallının ona “məni həbs etdilər” dediyini bildirib.

Növbəti şahidlər isə Əvəz Zeynallının həbsinə səbəb olmuş gizli səs yazılarının  ekspertizasını həyata keçirmiş ekspertlər İlhamə Quliyeva və Lətif Əliyev olub.

Hər iki ekspert onlara səs yazılarının əslinin deyil, köçürülmüş variantının təqdim edildiyini bildiriblər. Ekspertlər səs yazılarının hansının daha əvvəl yazılmasının müəyyən edilməsinin mümkünsüz olduğunu deyiblər.

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədova “Xural” qəzetinin redaksiyasında olarkən diktofon və mobil əlaqə zamanı telefon vasitəsilə Əvəz Zeynallının səsini yazaraq, baş redaktorun ondan rüşvət istədiyini iddia edib.

Vəkil Elçin Sadıqov ekspert İlhamə Quliyevanın xidməti vəsiqəsinin verilmə tarixinin Əvəz Zeynallının işi ilə bağlı rəyin verildiyi tarixlə üst-üstə düşdüyünü deyib. O, İlhamə Quliyevanın məhz Əvəz Zeynallının işi ilə bağlı rəy vermək üçün işə götürüldüyündən şübhələndiyini bildirib.

Zeynallıya qarşı irəli sürülmüş 213-1 (vergidən yayınma) ittihamı üzrə Vergilər Nazirliyindən mütəxəssis qismində dəvət edilmiş Elçin Əliyevin dindirilməsinə isə baş redaktor və vəkilləri etiraz ediblər. Onlar Elçin Əliyevin Vergilər Nazirliyinin “Xural” qəzetində aparılmış səyyar vergi yoxlamasının nəticəsi ilə bağlı rəyi təsdiq edəcəyini bildiriblər və bu işlə bağlı müstəqil ekspert dəvət edilməsini xahiş ediblər.

Hakim həmin rəyin Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasına göndərilməsi ilə bağlı qərar qəbul edib.

Proses 6 fevral saat 14:00-da davam etdiriləcək.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Hilal Məmmədov qapalı prosesə etiraz edib

Next Post

(English) e-Government : Bringing about İnnovation and Change Conference

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.