ZAHİDOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNLƏNİLİB

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq”  qəzetinin baş redaktoru Qənimət Zahidovun işi üzrə məhkəmə prosesi keçirilib. Bu günkü prosesdə şahid ifadələri dinlənilib.

Şahid qismində ilkin olaraq hadisə zamanı öz avtomobili ilə hadisə yerindən keçən İkram Tahirov dindirildi. O, bildirdi ki, “hadisəni maşınla gedərkən  ani şəkildə gördüm. Ancaq onu gördüm ki, dava edənlərdən biri o birisinə yumruq vurdu”. Dövlət ittihamçısının kim kimə yumruq vurdu sualına  İ.Tahirov cavabında bildirdi ki, ”Q.Zahidov Vüsal Həsənova”.  Bundan sonra Q.Zahidov şahidə öz sualını verdi: “Siz məni necə tanıdınız?”.  “Mən sizi tanımırdım, yalnız polis idarəsində sizin şəklinizi göstərib bildirdilər ki, bu Q.Zahidovdur” deyə sualı cavablandırdı.
Daha  sonra vəkillər şahidə sual verdilər. Vəkil Osman Kazımov şahiddən polis idarəsində neçə dəfə ifadə verdiyini soruşdu. O cavabında bildirib ki, “hadisədən 2 gün sonra polis əməkdaşları mənim avtomobilimi saxlayaraq, Yasamal Rayon Polis İdarəsinə getməli olduğumu deyib. Mən də bir neçə gündən sonra çağırılan ünvana gedib, bir dəfə ifadə verərək ifadəmi imzamla təsdiqləmişəm”. Daha sonra vəkil Tahirova belə bir sualla müraciət etdi: “Polis avtomobilin sizə məxsus olduğunu necə bilib?”. Tahirov bilmirəm deyərək sualı cavablandırıb.
Bundan sonra vəkil qeyd edib ki, “Tahirovun maşını radara düşüb. Biz vəsatət vermişdik ki, həmin lentə baxaq, lakin vəsatət təmin olunmayıb. Bundan əlavə Tahirov polisdə bir dəfə deyil, iki dəfə ifadə verib. Ona Qənimətlə Vüsalın şəkillərini göstərərkən heç bir protokol tərtib olunmayıb”.     
Daha sonra şahid kimi dindirilən Azərbaycan Nəşriyyatında növbədə olan mühafizə polisi Etibar Hümbətov hadisəni görmədiyini bildirib. “Mənə polis yoldaşlarım bildirdilər ki, Q. Zahidovun pencəyi cırılıb”.
Şahid qismində V. Həsənovu və S. Quliyevanı hadisə yerindən aparan taksi sürücüsü Nurməmmədov Babayar da ifadə verib. O  qeyd edib ki, “mən Nəşriyyatın əks tərəfində durmuşdum. Həsənov mənə yaxınlaşıb dedi ki, Qələbə kinoteatrının qarşısına apararsızmı? Və sonra Quliyeva ilə gəlib maşına oturdular. Mən Vüsalı görəndə onun üz-gözündə heç bir qan ləkəsi olmayıb. Əksinə onun yüksək əhval-ruhiyyəyə malik olduğunu sezdim”.  
Vüsal Həsənov öz əvvəlki ifadələrində Zahidovu şəxsən tanımadığını bildirdiyi üçün baş redaktorun vəkilləri şahid kimi məhkəməyə Seymur Həziyevi və İnqilab Kərimovu dəvət etmişdilər. Hər iki şahid ifadələrində qeyd ediblər ki, Zahidovla Vüsal Həsənov bir-birilərini tanıyıblar. Onlar bildiriblər ki, Vüsal Həsənov “Azadlıq” qəzetinin əvvəllər yerləşdiyi Xaqani 33 ünvanına tez-tez gəlib və dəfələrlə qəzetin redaksiyasındakı çayxanada olub.
Şahidlər dinlənildikdən sonra Vüsal Həsənov Q.Zahidovu ağır söyüşlərlə təhqir etməyə başlayıb. Vəkil Elçin Sadıqov Həsənovun bu hərəkəti ilə bağlı Yasamal Rayon Prokurorluğunun xəbərdar edilməsi üçün vəsatət qaldırsa da, hakim bu vəsatətə heç bir cavab verməyib və məhkəməni 14 fevral saat 11.00-a qədər  təxirə salıb.  

Previous Post

SORĞUNUN CAVABLANDIRILMASI YUBANIR

Next Post

BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.