PREZİDENTİN SƏFƏRİ İLƏ BAĞLI NAXÇIVANDA JURNALİSTLƏRİN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIB

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlanan  andan bölgədəki müxbirlərin fəaliyyəti maksimum məhdudlaşdırılıb.

RATİ-nin Naxçıvandakı bölgə müxbirinin verdiyi xəbərə görə,  yerli müxbirlərin prezidentin iştirak etdiyi tədbirlərə qatılmasına əngəl törədilir. Məlumata görə, hətta bölgədə olan  hakimiyyətə yaxın mətbuat orqanlarının nümayəndələrinə da  səfər barədə məlumat verməyə imkan verilmir, onlar yalnız Az TV-nin xəbərləri əsasında məlumat yaymağa məcburdurlar.   
Bölgədə olan  müstəqil mətbuatın nümayəndələri isə prezident gəldikdən sonra daim nəzarətdə saxlanılır. Şərur rayonunda yaşayan "Yeni Müsavat" qəzetinin və RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevin isə 2 gündür ki, Naxçıvan şəhərinə getməsinə imkan verilmir. RATİ-nin bölgədəki digər müxbiri Elman Abbasov isə prezidentə yaxınlaşmağa cəhd etsə onun qarşısı alınıb, bundan sonra isə jurnalisti izləməyə başlayıblar və izləmələr hələ də davam edir.  Məlumata görə, media nümayəndələrinə psixoloji təzyiqlər göstərilir, jurnalistlərin fəaliyyətlərini yerinə yetirmələrinin qarşısı alınır. Bunlar azmış kimi jurnalistlərin istifadəsində olan texniki vasitələrə də müdaxilə edilir. 
"Azadlıq" radiosu və "Turan" İA-nın bölgə müxbiri Məlahət Nəsibovanın RATİ-yə bildirdiyinə görə, dünəndən ( 3 iyun) etibarən onların ofis, ev və mobil telefonları ilə danışıqlarına müdaxilələr edilir. Jurnalist 4 mobil telefon nömrəsindən heç biri ilə işlədiyi mətbuat orqanları ilə vaxtında əlaqə yarada bilmir və ona zənglər də çatmır:
"Evdə və ofisdəki internetin sürəti isə həddindən aşağı düşüb və saatlarla məlumatı lazımi ünvanlara çatdıra bilmirik", – deyə Nəsibova qeyd edib.
Belə ki, bu problemlə digər mətbuat nümayəndələri də üzləşir. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbirləri də nəzarətdə saxlanılır. Onların da  telefonlarına müdaxilə edilir, internetdən normal istifadə imkanları məhdudlaşıb.
Xəbərə görə, Prezidentə şikayətlərin olunmamağı üçümsə  kəndlərdən rayon mərkəzlərinə və şəhərə əhalinin gəlməsinə icazə verilmir, Muxtar Respublikanın bütün rayonlarından Naxçıvan şəhərinə gələn marşrut avtobusları dayandırılıb. Naxçıvan şəhərində isə mülkü avtomobillərin hərəkətinə qadağa qoyulub.

Previous Post

ENN DERSİ JURNALİSTLƏRİN DOSTU ELAN OLUNUB

Next Post

Avropa Birliyi Nümayəndələrinin Cənubi Qafqaz üzrə Mətbuat Konfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.