İŞÇİ QRUP MÜŞFİQ HÜSEYNOVUN TƏQSİRSİZ OLMASI QƏRARINA GƏLİB

Bu gün “Bizim Yol” qəzetinin həbs olunmuş müxbiri Müşviq Hüseynovun işinin araşdırılması məqsədi ilə RATİ-nin nəzdnində yaradılmış İşçi Qrupunun  hazırladığı ilkin xüsusi hesabatın təqdimatı keçirilib.

Tədbiri açıq elan edən RATİ-nin sədri Emin Hüseynov bildirdi ki, “bu İşçi Qrupu 3 avqust 2007-ci ildə yaradılıb. Bu işdə digər partnyor təşkilatlarla yanaşı materialların toplanmasında M.Hüseynovun vəkili Vüqar Xasayev də bizə yaxın kömək gösdərmişdir”. Hüseynov daha sonra bildirib ki, “İşçi Qrupun əsas məqsədi M.Hüseynovun işini obyektiv araşdırmaq və məhkəmə qərarından sonra öz rəyini verməkdən ibarət olub”. Bundan sonra RATİ-nin sədri ilkin xüsusi hesabatda əks olunan yekun rəyi iştirakçıların nəzərinə çatdırdı. Yekun rəydə vurğulanır ki, Hüseynovun əməlində heç bir cinayət əməli yoxdur, istintaq orqanlarının, həbslə əlaqəsi olan dövlət məmurlarının və məhkəmənin hərəkətləri jurnalistin həbsinin sifarişli olduğunun göstəricisidir.  
Daha sonra çıxış edən M.Hüseynovun vəkili Vüqar Xasayev bildirdi ki, “M.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Rizvan Əliyevlə həbs olunmamışdan 40 gün əvvəl görüşüb. Əgər M.Hüseynov R.Əliyevdən onu haqqında rüsvayedici məlumatların digər qəzetlərdə dərc olunmaması müqabilində rüşvət istəmişdirsə, nəyə görə R.Əliyev dərhal hüquq- mühafizə orqanlarına müraciət etməmişdir”.
V.Xasayev onu da bildirdi ki, “M.Hüseynovun məhkəmə prosesi ilə paralel Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli işçisinin də məhkəmə prosesi keçirilirdi. Lakin 250000 ABŞ dollar məbləğində rüşvət götürən və törətdiyi cinayəti boynuna alan həmin şəxsə məhkəmə şərti iş verməklə kifayətlənib”.
Tədbirdə çıxış edən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı qeyd edib ki, “istənilən halda M.Hüseynov jurnalistdir. Amma jurnalist heç bir zaman vəzifəli şəxs hesab oluna bilməz. Bu işdə açıq-aşkar qanun pozuntuları var və bu qərar sırf siyasi sifarişdir. Bu qərar M.Hüseynovun tənqidçi yazar olduğuna görə verilib”.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus M.Hüseynovun İnsan Hüquqları Assosiasiyasının siyasi məhbus siyahısına salındığını bildirdi. L.Yunus əlavə edib ki, “martın 13-də AŞPA-nın Monitorinq Komitəsində Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunub-olunmayacağı haqqında qərar qəbul olunacaq. L.Yunus həmin komitəyə həbs olunmuş bütün dörd  jurnalistin (Hüseynovdan başqa Fətullayev, Mirzə Sakit və Qənimət Zahidov) azadlığa buraxılması çağırışı ilə birgə müraciətin hazırlanıb göndərilməsini təklif etdi.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı jurnalistlərin həbs olunmasını ümumilikdə Azərbaycan mətbuatının zəifliyinin nəticəsi olduğunu söylədi. Ə.Zeynallı çıxışında qeyd etdi ki, ““Xural” qəzetində də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında tənqidi yazılar yazılırdı. M.Hüseynoy həbs olunduqdan sonra R.Əliyev bizim redaksiyaya da öz adamını göndərərək bizə 10000 manat pul təklif edib. Bu barədə prezidentə və hüquq mühafizə  orqanlarına olunan müraciətimizdən sonra R.Əliyevdən izahat alınıb. R.Əliyev bu izahatda Ə.Zeynallanı və “Xural” qəzetini tanımadığını bildirib”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev  mətbuatın zəifliyi haqqında səslənən fikirlərlə razı olduğunu bildirdi. M.Əliyev Azərbaycanda azad mətbuatın olmadığını da bildirdi: ”Bəzi mətbuat orqanları və bəzi televiziyalar hakimiyyət tərəfindən qeyri- rəsmi şəkildə maliyyələşir.” Əliyev xüsusilə vurğuladı ki, “Müşfiq Hüseynova qarşı keçirilən əməliyyat sovet dövründə də tətbiq edilirdi. Düzdür heç həmin dövrlərdə bu qədər jurnalist həbs edilmirdi, amma bu metodların tətbiqini xatırlayıram”.  
*İlkin xüsusi hesabatın tam mətninə www.irfs.az ünvanında baxa bilərsiniz.
 

Previous Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİ İLƏ BAĞLI ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Next Post

IRFS’ press conference about Reporrt on Mushfiq Huseynov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.