Bu gün (15 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mövcud olan qanunsuzluqlarla mübarizə üzrə İşçi Qrupu mətbuat konfransı keçirdi.
İşçi Qrupunun əlaqələndiricisi, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinlinin verdiyi məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mövcud olan qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə və Hesablama Palatasına müraciət olunub.
Habelə İşçi Qrupu QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna da sorğu verərək, qalib elan edilmiş bir neçə layihənin büdcəsi və görəcəyi işlər barədə məlumat verməyi xahiş edib.
“Biz həmin layihələrin icrasını monitorinq edəcəyik”, – deyən C.Sümərinlinin sözlərinə görə, əgər sorğulara qanunla müəyyən olunmuş vaxtda cavab verilməsə, bu halda məhkəməyə müraciət edəcəklər.