“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNU XÜSUSİ İTTİHAM QAYDASINDA M

Bu gün (29 iyun) Nərimanov rayon məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının nümayəndəsi Vaqif Hüseyn və cavabdeh Əvəz Zeynallı iştirak edirdilər.

 

Hakim tərəflərə hüquqlarını izah etdikdən sonra cavabdeh Əvəz Zeynallı bildirdi ki, sözügedən iddia üzrə hazırlıq iclası keçirilən zaman Azərbaycanda olmadığı üçün iclasda iştirak etməyib. O, xüsusi ittiham qaydasında iddia onun iştirakı olmadan icraata götürülməsinə etiraz etdi və bildirdi ki, işlə tam tanış olmayıb.

 

Hakim dəfələrlə cavabdehə “iddiaya səbəb olan müsahibəni siz vermisinizmi?“, “müsahibədə Rauf Arifoğluna “mətbu şərəfsiz ” və s. sözləri deməyinizi təsdiq edirsinizmi” kimi suallar verdikdən sonra, Əvəz Zeynallı “siz Rauf Arifoğlunun vəkili kimi çıxış edirsiniz” – deyərək hakimə etiraz etdi.

 

Hakim cavabdehin işlə tanış olması üçün prosesin 2 iyul saat 17.30-a təyin olunduğunu elan etdi. Əvəz Zeynallı vurğuladı ki, cavabdehin iştirakı olmadan xüsusi ittiham qaydasında iddianı icraata götürdüyü və “xüsusi ittihamçının vəkili” kimi çıxış etdiyinə görə, növbəti prosesdə tərkibin dəyişdirilməsi ilə bağlı hakimə etiraz təqdim edəcək. O, əlavə etdi ki, hakim barəsində Məhkəmə Hüquq Şurasına da müraciət edəcək.

 

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Millətim” qəzetinin 3 iyun tarixli sayında verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edən Rauf Arifoğlu, cavabdehin Cinayət Məcəlləsinin 147.1 (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasının istəyib.

 

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Next Post

HƏBSDƏ OLAN BLOQÇU EMİN MİLLİNİN ATASI VƏFAT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.