HƏBSDƏ OLAN BLOQÇU EMİN MİLLİNİN ATASI VƏFAT EDİB

Bu gün (29 iyun) həbsdə olan gənc bloqçu Emin Millinin atası Paşa Abdullayev vəfat edib. Emin Millinin vəkili Elton Quliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, iyunun 29-u gecə səhhəti pisləşən Paşa Abdullayev bir neçə saat sonra dünyasını dəyişib.

Mərhum  Neftçala rayonunun Oryat kəndində dəfn olunub.

 

    Vəkil əlavə etdi ki, Salyan rayonunun Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Emin Millinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada atasının yas mərasimində iştirakına icazə verilməsi üçün Ədliyyə Nazirliyinin  Penitensiar Xidmətinə müraciət edilsə də, blogçu dəfndə iştirak üçün buraxılmayıb.

 

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Mehman Sadıqov  RATİ-yə bildirib ki, Penitensiar Xidmətdə Emin Millinin atasının yasında iştirakı ilə bağlı məsələyə baxılır və hələlik heç bir qərar verilməyib.

 

    Mehman Sadıqovun günün sonuna yaxın “Azadlıq” radiosuna bildirdiyinə görə, Emin Milliyə atasının yasında iştirak etmək üçün 3 günlük icazə verilib.

 

    Qeyd edək ki, əsəb xəstəliyi, yüksək qan təzyiqi və böyrək çatışmazlığından əziyyət çəkən 75 yaşlı Paşa Abdullayev oğlunun həbsindən bir müddət sonra Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicəsini paytaxtdakı 1 saylı Klinik Xəstəxanada davam etdirmişdi.

 

    Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNU XÜSUSİ İTTİHAM QAYDASINDA M

Next Post

TOMAS HAMMARBERQ AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.