İCTİMAİ-SİYASİ XADİMLƏRİN MÜRACİƏTİNƏ BAXMAYARAQ BƏXTİYAR HACİYEV ZAMİNƏ BURAXILMADI

Aprelin 28-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi keçirildi. Bu barədə RATİ-yə Bəxtiyar Hacıyevin  vəkili   Elçin Namazov  məlumat verib.

Prosesdə Bəxtiyar Hacıyevin özü, vəkilləri Əlayif Həsənov, Elçin Namazov və dövlət ittihamçısı Aleksey Abbasov, eləcə də media nümayəndələri və çoxsaylı hüquq müdafiəçiləri iştirak edirdilər.

Vəkil  bildirdi ki, məhkəmə iclası müdafiə tərəfin qaldırdığı vəsatətlərlə başlayıb. Belə ki, Bəxtiyar Hacıyevin vəkilləri onun barmaqlıq arxasından çıxarılaraq, vəkilləri ilə birgə əyləşməsi, foto və video çəkiliş aparılması, cinayət işinə xitam verilməsi və ziyalılar – İntiqam Əliyev, Cəmil Həsənli, Eldar Namazov, Ənnağı Hacıbəyli və digərlərinin hakimə yazılı müraciətinə əsasən  gənc fəalın  zaminə buraxılması barədə vəsatət qaldırıblar.

Dövlət ittihamçısı Aliksey  Abbasov isə vəsatətlərin əsassız hesab edilərək təmin edilməməsini məhkəmədən xahiş edib.

Hakim Emin Axundov müdafiə tərəfin iki vəsatətini: Bəxtiyar Hacıyevin vəkilləri ilə birgə əyləşməsi, eləcə də foto və video çəkilişin aparılması barədə vəsatəti qismən təmin edib və məhdud vaxt çərçivəsində çəkilişin aparılmasına icazə verib.  

Daha sonra hərbi həkim komissiyasının sədri  Eldəniz Nağıyev və Anar  İsgəndərov şahid qismində dindiriliblər.

Hakim E. Axundov prosesi 5 may saat 11:00-a qədər təxirə salıb.

                     Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

 

Previous Post

LEYLA YUNUS SİYASİ REPRESSİYALARA YAŞIL İŞIQ YANDIRILDIĞINI DEYİR

Next Post

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.