Fevralın 7-də axşam saatlarında Sumqayıt şəhər Məhkəməsi fevralın 5-dən narkotik ittihamı ilə saxlanılan AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Jurnalistlər və yaxınlarının iştirakı olmadan keçirilən məhkəmə prosesi barədə RATİ-yə Savalanlının vəkilləri Asabəli Mustafayev və Anar Qasımov məlumat veriblər.
Vəkil onu da bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcəklər. Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan Cabbar Savalanlı bu həftə Bakı İstintaq Təcridxanasına köçürüləcək.
Xatırladaq ki, AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlı ötən şənbə axşam saatlarında Sumqayıtda yaşadığı binanın yaxınlığında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Savalanlının 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət etmiş müxalifətçilərə polisin müdaxiləsinə qarşı fəal etiraz etməsi və “facebook” sosial şəbəkəsində yerləşdirdiyi sərt tənqidi yazılara görə həbs edildiyi bildirilir.