EYNULLA FƏTULLAYEVİN BANK HESABINA BƏRAƏT VERİLMİŞ İTTİHAMA GÖRƏ HƏBS QOYULUB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin bank hesabı üzərinə nə vaxt və hansı məhkəmənin qərarı ilə həbs qoyulduğuna aydınlıq gəlib. “Mediaforum” xəbər saytının məlumatına görə, fevralın 7-də vəkil Anar Qasımova Beynəlxalq Bankın Səbail rayon filialından məsələ ilə bağlı rəsmi cavab verilib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Eynulla Fətullayevə 27 min 822 avro təzminat ödənilməlidir. Azərbaycan dövlətinin Eynulla Fətullayevə ödəyəcəyi təzminat onun Beynəlxalq Bankdakı həbs qoyulmuş hesabına köçürülüb. Bankdan jurnalistin atası Emin Fətullayevə deyiblər ki, pul həbs qoyulmuş hesaba köçürüldüyünə görə bankın onu verməyə hüququ yoxdur. Bu məsələnin araşdırılması üçün Eynulla Fətullayev yanvarın 19-da Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə rəsmi məktub yollayıb.

Eynulla Fətullayevi bankda rəsmi nümayəndə kimi təmsil edən vəkil Anar Qasımov deyib ki, bir neçə gün əvvəl Beynəlxalq Bank jurnalistin müraciətinə cavab verib: “Lakin o cavabda hesab üzərinə həbs qoyulması qərarını hansı məhkəmənin verdiyi barədə məlumat olmayıb. Amma fevralın 7-də mənə zəng edərək müraciətimizə cavab məktubunun hazır olduğu deyildi”.

Bankın cavab məktubunda bildirilir ki, 2007-ci il avqustun 24-də Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun qərarı ilə Eynulla Fətullayevin Beynəlxalq Bankdakı hesabı üzərinə, eləcə də 23 ədəd kompüterin blok sistemi üzərinə həbs qoyulub. Vəkilə həmin qərarın surəti də təqdim olunub.

Anar Qasımovun sözlərinə görə, Səbail Rayon Məhkəməsinin qərarı Eynulla Fətullayev barəsində terrorçuluq ittihamı ilə başlanan cinayət işi ilə bağlı çıxarılıb: “Bu işlə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib. Avropa Məhkəməsinin qərarından sonra Ali Məhkəmənin Plenumu həmin iş üzrə Eynulla Fətullayevə bəraət verib”.

Eynulla Fətullayevlə bağlı iş materiallarını bir daha araşdıracaqlarını deyən Anar Qasımovun sözlərinə görə, bundan sonrakı tədbirin nə olacağını jurnalistin digər vəkilləri ilə müzakirə edəcək: “Terrorçuluq ittihamı ilə bağlı bəraət olduğuna görə avtomatik olaraq digər məhkəmə qərarları da qüvvədən düşmüş sayılır. Yəqin ki, biz hesab üzərindən həbsin götürülməsi üçün Səbail rayon Məhkəməsinə müraciət edəcəyik”.

 Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  

 

Previous Post

ÇOXSAYLI MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ İLƏ ÜZLƏŞƏN “XURAL” QƏZETİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLDİ

Next Post

MƏHKƏMƏ GƏNC FƏAL HAQDA 2 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.