BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Bu gün (18 iyul) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı zorakılığa məruz qalmağı barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.

Prosesi müşahidə etmək üçün çoxsaylı media nümayəndələri, B. Hacıyevin hüquqlarını müdafiə komitəsinin  üzvləri də məhkəmə qarşısına toplaşmışdılar. Lakin, prosesin başlanacağı vaxtdan 1 saatdan da çox vaxt keçməsinə baxmayaraq, məhkəmə tərəfindən media nümayəndələrinə bu barədə heç bir açıqlama verilməyib.

 Baş tutmayan iclasdan təxminən saat yarım   sonra gənc fəalın qardaşı Vüqar Hacıyev bununla bağlı 3 sayı Şüvəlan İstintaq Təcridxanası ilə əlaqə saxladıqlarını bildirdi:

“Bizə bildirdilər ki, Səbail rayon Məhkəməsindən  Bəxtiyarın gətirilməsi ilə bağlı onlara məktub daxil olmasına baxmayaraq, buna səlahiyyətləri çatmır. Səbəb kimi onu göstərirlər ki, hazırda B. Hacıyev haqında məhkəmə hökmü qüvvəyə minib və hazırda onun müvafiq cəzaçəkmə müəssə göndərilməsi ilə məşğuldurlar. Amma onun məhkəməyə aparılmağı üçün  Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etmək lazımdır”, –  deyə qeyd edən  V. Hacıyev bu səbəbdən də prosesin qeyri-müəyyən vaxta qədər  təxirə salındığı bildirilib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 mart  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

DEMOKRATİK QÜVVƏLƏR AXC-NİN YUBİLEYİNİ KEÇİRİB

Next Post

ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜ MƏZARI YAD EDİLMƏKLƏ QEYD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.