ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜ MƏZARI YAD EDİLMƏKLƏ QEYD EDİLDİ

İyulun 17-də bir qrup media təmsilçisi  “Monitor” jurnalının 2005-ci il, martın 2-də qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun doğum gününü məzarının yad edilməsi ilə qeyd etdi. Sağ olsaydı, Elmar Hüseynov 44 yaşını qeyd edərdi.

Anım mərasimində, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirdi ki, Elmar Hüseynov azad medianın rəmzidir: “Onun qətli kütləvi etiraz doğurdu. Bu etiraz indi də sıxılmış, boğulmuş şəkildə olsa da var. Onun davamçısı Eynulla Fətullayev bu gün aramızdadır. Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları cəzalandırılmayana qədər etirazlar olacaq”.

Daha sonra “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Elmarın sonuncu doğum gününü  Suraxanı rayonunda bir ümumi dostlarının həyətində qeyd etdiklərini xatıladı. E.Fətullayev bu yaxında Fransada səfərdə olarkən orada maraqlı bir təcrübə ilə rastlaşdığını dedi: “Fransada ”Sərhədsiz Reportyorlar" təşkilatında oldum.  Burada Anna Politkovskayanın büstü qoyulmuşdu. Mən bildirdim ki, Elmarın da büstünü burada qoymaq olarmı? Onlar bu təklifi reallaşdıra biləcəklərini söylədilər ".

Daha sonra E.Fətullayev dedi ki, mərhum jurnalistin oğlu Norveçdə yaxşı təhsil alır: “Aslan Hüseynov Norveçdə ən yaxşı məktəblərin birində oxuyur. Bir gün görəcəyik hündür boylu bir oğlan əlində qərənfil Elmar Hüseynovun məzarı önünə ziyarətə gəlib”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev  isə qeyd etdi ki, E.Hüseynovun qatilləri məlumdur: “Bu qətl siyasi məsələdir. Ona görə də qətlin açılması siyasi iradədən asılıdır”.

            RATİ əməkdaşı  İdrak Abbasov isə bildirdi ki, hökumət Elmarın qatillərinin və bu qətli icra edənlərin mühakiməsində maraqlı deyil: “Bu günlərdə Respublika Prokurorluğu ilə  Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq “AzərRoss” şirkətinin prezidentinin qətlində adları hallanan iki nəfərin Gürcüstanda saxlanılaraq Bakıya gətirilməsi barədə məlumat yaydılar. Bəs niyə Elmarın qətlində adları hallandırılan Tahir Xubanov və Teymuraz Əliyevi tutub gətirmirlər?”

“Azadlıq” qəzetinin əməkdaşı Rövşən Hacıyev isə E.Hüseynovun anadan olmasının 45 illiyi ilə bağlı yazı müsabiqəsi elan olunmasını təklif etdi: “Hökmən deyil yazılar onun barəsində yazılmış olsun. Biz sadəcə gələn bu vaxta qədər  mətbuatı izləməli və ən cəsarətli yazını mükafatlandıracaq bir müsabiqə keçirməliyik”.

Previous Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Next Post

ŞƏRUR RAYON İCRA HAKİMİYYƏTİ JURNALİSTLƏRƏ TƏZYİQLƏ BAĞLI BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.