GƏNCLƏRİN HÜQUQLARININ MÜDAFİƏ HƏRƏKATI BLOQÇULARIN HƏBSİ İLƏ BAĞLI FORUM KEÇİRDİ

Bu gün (25 iyul) Gənclərin Hüquqlarının Müdafiə Hərəkatı  (GHMH)“Alumni Network” Gənclər təşkilatının koordinatoru, “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə  tanınmış videobloqer Adnan Hacızadənin haqsız yerə həbs edilməsi ilə bağlı Forum keçirdi.

Tədbirdə çıxış edən GHMH təmsilçisi Ramin Hacılı bildirdi ki, həbs olunmuş hər iki gənc Avropaya inteqrasiya tərəfdarı olduqları üçün bəşəri dəyərlər üçün sivil yolla mübarizə aparan könüllü ziyalılardır: “Heç bir siyasi mövqe tutmayan Emin Milli və Adnan Hacızadənin həbsindən sonra yaranmış bu hərəkat hər kəsə sübut etdi ki, belə təxribatlar gənclərin gözünü qorxutmur, əksinə, gənclik sivil metodlardan istifadə edərək gücünü göstərmək əzmindədir.”
     Daha sonra GHMH koordinatoru, müstəqil hüquqşünas Erkin Qədirli gənclərin həbsi barədə məlumat verərək vurğuladı ki, bütün nüanslar bu cinayət işinin saxta olduğunu sübut edir. “”Bu məsələni siyasiləşdirməyin” deyənlərin nəzərinə çatdırıram ki, fərqli düşüncələrinə və internetdə yerləşdirdikləri materiallara görə təxribata məruz qalan bu gənclərin həbsinin motivləri də göstərir ki, onlar siyasi sifariş nəticəsində həbs olunublar.”
     Forumda məlumat verildi ki, gənclərin həbsi ilə bağlı imzatoplama kampaniyası keçirilir. Bu kampaniyada iştirak edən 200-dən artıq insanın imzası ilə ölkə prezidentinə məktub göndərilib. Məktubda hər kəsin hüquqlarını müdafiə etməyə and içmiş prezidentə gənclərin hüquqlarının pozulduğu barədə məlumat verilib.

Daha sonra çıxış edənlər gənclərin azad olunması və məsələnin ictimailəşdirilməsi istiqamətində fikir və təkliflərini bildirdilər.
     Sonda GHMH təmsilçiləri Erkin Qədirli və Turqut Qənbər Forum iştirakçılarının suallarını cavablandırdılar.

     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

PƏRVİZ ƏZİMOVUN UNİVERSİTETƏ BƏRPA İLƏ BAĞLI İDDİASINA BAŞQA HAKİM BAXACAQ

Next Post

GƏNCLƏRİN HÜQUQLARININ MÜDAFİƏ HƏRƏKATI BLOQÇULARIN HƏBSİ İLƏ BAĞLI FORUM KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.