ZAHİDOV BEŞ İL MÜDDƏTİNƏ HƏBS OLUNA BİLƏR

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun işi üzrə məhkəmə prosesi keçirilib.

Proses baş redaktorun vəkili Elçin Sadıqovun məhkəməyə vəsatət təqdim etməsi ilə başladı. E.Sadıqov Zahidovun xeyrinə ifadə verən şahid, taksi sürücüsü İkram Tahirova qarşı təzyiqlər olunduğunu bildirdi və bunu təsdiq edən audio yazını məhkəməyə təqdim edərək dinlənilməsini istədi. Hakim isə heç bir səbəb göstərmədən vəsatəti təmin etmədi.                Digər vəkil Osman Kazımov isə ekspertizanın rəyini nümayiş etdirdi. O.Kazımov bildirdi ki, həkimlər Vüsal Həsənovu noyabr ayının 9-da müayinə edib və ayın 11-də rəy verib: ”Bir məsələyə diqqət yetirin, tibbi arayışlarda göstərilir ki, V.Həsənov 18:35-də müayinə olunub, lakin həmin arayışlarda xəstəxanaya qəbul vaxtı kimi isə 19.00 göstərilir. Bu sifarişli məhkəmədir və prokuror da sifarişlə işləyir”.Daha sonra O.Kazımov V.Həsənova belə sualla müraciət etdi: “ noyabrın 12, 13 və 14-də Musa Nağıyev adına xəstəxanada hərarətinizi ölçüblər?” V. Həsənov: “dəqiq yadımda deyil, ola bilsin ki, ölçüblər”.  O. Kazımov: “bu necə ola bilər ki, siz noyabrın 11-də həbs edilmisiniz və deyirsiniz ki, xəstəxanada olmuşam”. Arayışlarda da noyabrın 12, 13 və 14-də Həsənovun xəstəxanada olduğu qeyd olunduğunu bildirən vəkil üzünü dövlət ittihamçısına tutaraq vurğuladı ki, “biz bilirik ki, bu iş sifarişlidir, heç olmasa elə iş görün ki, biabır olmayasınız”.         Bundan sonra Zahidovun vəkilləri hakimdən əvvəlki proseslər zamanı verilən və hakimin təmin etməyə razılaşdığı vəsatətlərin nəticələrini istədilər. Nəticələr təqdim olunduqdan sonra vəkillər bildirdilər ki, onların telefon danışıqları ilə bağlı verdikləri vəsatət təhrif olunub və “Bakcell” şirkətinə uyğun sorğu göndərilməyib. Belə ki, 26 dekabr 2007-ci il tarixdə keçirilən proses zamanı vəkillər  V.Həsənov, S.Quliyeva, taksi sürücüsü A.Çiqarov və sürücünün qohumu olduğu ehtimal edilən Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşı Anar Çiqarovun hadisədən 10 gün əvvəl  telefon danışıqlarının mətninin məhkəmə vasitəsilə  öyrənilməsi barədə vəsatət qaldırmışdılar. Məhkəmə isə yalnız Həsənovla Sevgiladə Quliyeva arasında olan telefon danışıqlarının mətnini öyrənmək üçün sorğu göndərib. Özü də sorğu yalnız bir mobil telefon operatoruna göndərilib.   Hakim məhkəmə araşdırmasının sona çatdığını bildirdi və  dövlət ittihamçısının çıxışı dinlənildi. Dövlət ittihamçısı Ceyhun Kazımov Q.Zahidova 5 il, V.Həsənova isə 2 il azadlıqdan məhrumetmə cəzası istədi.  Q.Zahidovun hüquqlarını qoruyan vəkillər son çıxış üçün məhkəmədən vaxt istədilər. Hakim prosesi fevral ayının 26-ı saat 11:00-a təyin etdi.    
Previous Post

MİRZƏ SAKİT NEVROLOJİ ŞÖBƏDƏ MÜALİCƏ OLUNUR

Next Post

MƏTBUAT ŞURASININ FƏALİYYƏTİ TƏNQİD OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.