BƏYANAT

yanvar 10th, 2013

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 12-də kütləvi etiraz aksiyasında polis əməkdaşlarının media nümayəndələrinə qarşı fiziki zor tətbiq etməsini qətiyyətlə pisləyir və bunu ifadə azadlığının pozulması kimi qiymətləndirir.
Belə ki, əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyanın qarşısını almağa çalışan polislər, jurnalistlərlə kobud rəftar edərək, onlara qarşı fiziki zor tətbiq ediblər , onların peşə borcunu yerinə yetirməyə maneçiliklər törədiblər. Polisin kobud rəftarı ilə 10 yaxın jurnalist üzləşib. Onların içərisində müstəqil jurnalistlər, həmçinin , RATİ-nin, Turan İnformasiya agentliyinin, Obyektiv TV-nin, “Azadlıq” Radiosunun, “Azadlıq” qəzetinin, “Dəyərlər” portalının əməkdaşları da olub. Aksiya zamanı “press” yazılı xüsusi fərqləndirmə jiletində olan RATİ sədri Emin Hüseynov polis çavuşunun onu qəsdən yerə itələməsi nəticəsində yerə yıxılıb, başının arxa hissəsi və onurğanın arxa boyun hissəsi qazonda yerləşən daşa dəyərək yüngül beyin silkələnməsinə məruz qalıb.

RATİ hesab edir ki, üzərində “Press” yazılmış xüsusi fərqləndirici gödəkcədə olmağına və qanuni peşə fəaliyyətini yerinə yetirməsinə baxmayaraq polislərin jurnalistlərə və hüquq müdafiəçilərə qarşı kobudluq etməsi və həyat üçün təhlükə yarada biləcək zor tətbiqi Azərbaycan hakimiyyətinin ifadə azadlığına hədsiz aqressiv yanaşmasını nümayiş etdirir.

Belə ki, ATƏT ilə Azərbaycan hökumətinin polis və jurnalistlər üçün iki ay bundan öncə təşkil edilən birgə təlimləri zamanı hakimiyyətin yüksək çinli məmurları aksiyanı işıqlandıran jurnalistlərin fərqləndirici press jiletlərini geyindikləri zaman polis zorakılığı ilə üzləşməyəcəyinə söz vermişdilər.

Lakin son iki ay ərzində jurnalistlərin polis tərəfindən məhz gödəkcələrdə döyülməsi halları çoxalıb. Bu cür hadisələrə “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsini aid etmək olar.
RATİ hesab edir ki, 2013 ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi jurnalistlərin təhlükəsiz şəraitdə peşə fəaliyyətini həyata keçirə bilməsi məsələsinin aktuallığı artır .

RATİ bəyan edir ki, peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi və maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq tətbiq etmiş şəxsləri cəzalandırmağa və gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq tədbirlər görməyə çağırır.
RATİ həmçinin beynəlxalq təşkilatlardan, xüsusən də ATƏT-dən peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı hücum hallarını diqqətə saxlamağı və hakimiyyətdən bu cür hadisələri araşdıraraq günahkarları cəzalandırmağı tələb etməyə çağırır.