Bəyanat:Bakıda vətəndaş cəmiyyətinə təzyiqlərin fonunda vəziyyət getdikcə pisləşir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) fikir müxtəlifliyinə qarşı kəskin təzyiqləri qətiyyətlə pisləyir, hökuməti mediaya və vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoymağa çağırır. Azərbaycanda prezident seçkilərinin keçirilməsinə bir ildən də az qalmış bir vaxtda, ölkə parlamentində müzakirəyə çıxarılması gözlənilən qanun layihəsi qəbul olunduğu təqdirdə seçkilərin ədalətli və şəffaf keçirilməsində mühüm rol oyanayan qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıra bilər.

RATİ həmçinin QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq üçün hakimiyyətin mövcud qanunvericiliyə dəyişikliklər etmək planlarından narahatlığını ifadə edir. Belə ki, təklif olunan dəyişiklik qüvvəyə mindiyi təqdirdə QHT-lər istər nəğd, istərsə də köçürmə yolu ilə qrant haqqında müqavilə, yaxud qərar olmadan heç bir maddi vəsait qəbul edə bilməyəcək və  müqavilə, qərar olmadan 200 manatdan yuxarı maliyyə alınarsa əmlak müsadirə olunmaqla yüksək məbləğdə cərimələr tətbiq ediləcək. Başqa sözlə, qanunvericiliyə ediləcək bu dəyişikliklər hökumətə istənilən QHT-ni cəmi bir neçə günə bağlamaq imkanı verəcək.

RATİ hökumətin bu addımını fərqli mövqelərinə görə vətəndaşların cəzalandırılmasının – jurnalistlərin, fəalların və bir halda isə siyasi hərəkat liderinin həbsinin,  Bakıda dinc nümayişçilərin yüksək məbləğdə cərimələnməsinin və İsmayıllıda etiraz aksiyası iştirakçılarının həbsi və təhdidinin davamı hesab edir.

RATİ onu da bəyan edir ki, Azərbaycan  insan hüquqları ilə bağlı Avropa Şurası, ATƏT və BMT qarşısında öhdəliklər götürdüyü halda, Azərbaycanda hakimiyyət tərəfindən vətəndaşların birləşmək və sərbəst toplaşmaq  hüququ qanunsuz olaraq məhdudlaşdırılır.

Belə ki, RATİ son vaxtlar otellərin və konfrans mərkəzlərinin QHT-lərə tədbir keçirmək üçün yer verməməsi kimi tendensiyadan dərin narahatlıq hissi keçirir. Qeyd edək ki, bir müddət öncə Park İnn oteli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ictimai birliyinin tədbirini qısa müddət qalan zaman ləğv etdi, bu gün (6 fevral) isə Park İnn həm RATİ-nin, həm də Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi İctimai Birliyinin tədbir keçirilməsinə süni əngəl yaradıb.

RATİ oktyabrda ölkədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, bu təzyiqlərin artacağından narahatlıq keçirir. “Hökumət tənqidləri susdurmaq üçün düşünülmüş təqib metodlarından istifadə edir. Görünür, hakimiyyət insan haqlarının pozulması hallarını diqqətdə saxlayan təşkilatlardan yaxa qurtarmaq istəyir” –  deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ hökuməti QHT-lərə edilən təzyirlərə son qoyaraq, vətəndaşların birləşmə və sərbəst toplaşma azadlıqlarını təmin etməyə çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa, Azərbaycan hökumətindən azadlıq və demokratiya prinsiplərinə əməl etməyi tələb etməyə çağırır.

Previous Post

ELEKTRON HÖKUMƏT: FƏALİYYƏT VƏ PROBLEMLƏR

Next Post

Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşdı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.