EYNULLA FƏTULLAYEV ƏFV EDİLMƏMƏSİNİ SİFARİŞLİ HƏBSİ İLƏ ƏLAQƏLƏNDİRİB

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdin Abdinbəyovun sədrliyi ilə Eynulla Fətullayevin həbsindən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

 Prosesdə ilkin olaraq çıxış edən Fətullayevin vəkili İsaxan Aşurov apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. İ Aşurov məhkəmədən bu iş üzrə ibtidai istintaq aparan müstəntiq, prokuror və qərar çıxaran hakimin qanunsuz hərəkətlərindən aidiyyatı orqanlara məlumat verməyi xahiş etdi.

      Daha sonra söz alan vəkil Aydın Nəzərli çıxışında bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə axtarış zamanı E.Fətullayevə qabaqcadan xəbərdarlıq edilməli idi. A.Nəzərli çıxışında E.Fətullayevi qanunsuz olaraq dinlənildiyi haqqında da danışdı. O, bildirdi ki, dinləmələrin hansı səbəbdən aparıldığı haqqında sənəd bizə təqdim olunmayıb. Daha sonra A.Nəzərli onu da qeyd etdi ki, hələ E.Fətullayevin təqsirli olması sübut edilməmiş mətbuatda, telekanallarda onun təqsirli olması barədə cəmiyyətə məlumatlar verilib.

      Bunda sonra çıxış edən E.Fətullayev ilk əvvəl azadlığa çıxan həmkarlarını təbrik etdi və bildirdi ki, “Prezident Aparatından Milli Təhlükəsizlik Nazirliyinə məktub daxil olmuşdu. Məktubda mənim əvf olunma haqqında müraciət yazmağım istənilirdi. Mən də vəkil İ.Aşurovla birgə müraciət yazdım, lakin əvf olunmadım. Çünki mənim həbsim sifarişlidir. Bundan sonra heç bir müraciət yazmayacam”. E.Fətullayev çıxışında ümumilikdə Apellyasiya Məhkəməsinə ümidli olduğunu bildirdi. O, dedi ki, “ABŞ Dövlət Departamenti mənim həbsimin qanunsuz olması haqqında bəyanat verib. Buna cavab olaraq Azərbaycan XİN-i öz bəyanatında bildirib ki, bu hələ birinci məhkəmə istansiyasının qərarıdır.”

      Bundan sonra söz dövlət ittihamçısına verildi. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istədi. Hakim prosesi yanvar ayının 15-i saat 14:00-a təyin etdi. 

Previous Post

JURNALİSTİN ŞİKAYƏTİNƏ BAXILIR

Next Post

İLQAR NƏSİBOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.