Daha sonra söz alan vəkil Aydın Nəzərli çıxışında bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə axtarış zamanı E.Fətullayevə qabaqcadan xəbərdarlıq edilməli idi. A.Nəzərli çıxışında E.Fətullayevi qanunsuz olaraq dinlənildiyi haqqında da danışdı. O, bildirdi ki, dinləmələrin hansı səbəbdən aparıldığı haqqında sənəd bizə təqdim olunmayıb. Daha sonra A.Nəzərli onu da qeyd etdi ki, hələ E.Fətullayevin təqsirli olması sübut edilməmiş mətbuatda, telekanallarda onun təqsirli olması barədə cəmiyyətə məlumatlar verilib.
Bunda sonra çıxış edən E.Fətullayev ilk əvvəl azadlığa çıxan həmkarlarını təbrik etdi və bildirdi ki, “Prezident Aparatından Milli Təhlükəsizlik Nazirliyinə məktub daxil olmuşdu. Məktubda mənim əvf olunma haqqında müraciət yazmağım istənilirdi. Mən də vəkil İ.Aşurovla birgə müraciət yazdım, lakin əvf olunmadım. Çünki mənim həbsim sifarişlidir. Bundan sonra heç bir müraciət yazmayacam”. E.Fətullayev çıxışında ümumilikdə Apellyasiya Məhkəməsinə ümidli olduğunu bildirdi. O, dedi ki, “ABŞ Dövlət Departamenti mənim həbsimin qanunsuz olması haqqında bəyanat verib. Buna cavab olaraq Azərbaycan XİN-i öz bəyanatında bildirib ki, bu hələ birinci məhkəmə istansiyasının qərarıdır.”
Bundan sonra söz dövlət ittihamçısına verildi. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istədi. Hakim prosesi yanvar ayının 15-i saat 14:00-a təyin etdi.