Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol“ qəzetinin əməkdaşı Müşfiq Hüseynovun məhkəməsi keçirilib.
V.Xasayev “pul verilən anı görmüsünüzmü?“ sualına əvvəlcə “M.Hüseynov bizi görən kimi pulları yerə tulladı“ cavabını versə də, vəkil sualı ikinci dəfə təkrar etdikdən sonra “Xeyr. Mən içəri girəndə pullar artıq yerdə idi“ cavabını verdi. Dövlət ittihamçısı və zərərçəkmişin vəkili İlqar Abbasovun etirazından sonra hakim vəkilə təkrar suallar verməməyi tapşırdı. Daha sonra vəkil Vüqar Xasayev və Ramiz Musayev şahid qismində Bahəddin Həziyevin dindirilməsi üçün vəsatət verdilər. Zərərçəkmişin nümayəndələri buna etiraz etdikdən sonra məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etmədi.
Daha sonra M.Hüseynov vəsatət vermək istədiyini bildirdi. “Bu işlə bağlı 3-4 versiya var. Bunlardan birini sübuta yetirsinlər. Onunla görüşüb pulu almağa razılaşmağıma səbəb qeyrət məsələsinə görədir. Nazir Fizuli Ələkbərovun ailəsi ilə bağlı söhbət olduğuna görə vəsatət verirəm ki, ailə başçısı kimi nazir şahid qismində dindirilsin“. Dövlət ittihamçısı və zərərçəkmişin vəkili İlqar Abbasov yenidən etiraz etdikdən sonra hakim vəsatəti təmin etmədi. Daha sonra M.Hüseynov növbəti vəsatətini təqdim etdi: “pulu aldığım məqamı görmək istəyirəm“. Hakim vəsatəti təmin etdi və 45 dəqiqəlik fasilədən sonra avqustun 1-i telekanallarda yayımlanan kadrlar məhkəmə zalında göstərildi. M. Hüseynov bildirdi ki, hadisə daha dəqiq əməliyyat zamanı MTN-nin əməkdaşının çəkdiyi kadrlarda öz əksini tapıb, bu kadrlar isə indiyə kimi bizə təqdim olunmayıb.
Hakim isə işi yekunlaşdırmaq istədiyini bəyan etdi və tərəflərin buna etiraz edib-etməmələrini soruşdu. Hüseynovun vəkilləri buna etiraz etsələr də, dövlət ittihamçısı və zərərçəkmişin vəkili məhkəmədən işin yekunlaşmasını istədi. Qısa müşavirədən sonra hakim sübutların təqdiminin yekunlaşdığını elan etdi. Daha sonra dövlət ittihamçısı son çıxışlar üçün vaxt istədi. Məhkəmə 21 yanvar saat 10:00-a təyin edildi.