HÜSEYNOVUN İŞİ ÜZRƏ MƏHKƏMƏ İSTİNTAQI YARIMÇIQ APARILDI

yanvar 17th, 2008
Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol“ qəzetinin əməkdaşı Müşfiq Hüseynovun məhkəməsi keçirilib.

Məhkəmədə ilkin olaraq hal şahidi qismində Tural Hüseynov dindirildi. T.Hüseynov öz ifadəsində bildirdi ki, dağüstü parkda dostumla gəzdiyim vaxt özlərini MTN-in əməkdaşları kimi təqdim edən şəxslər bizə yaxınlaşaraq, məndən hal şahidi olmağımı xahiş etdilər. Mən də razılıq verdim. O ifadəsində bildirdi ki, ““Qurd qapısı“ restoranına gəldikdə M.Hüseynov bizi görən kimi pulları yerə tulladı. Sonradan şüa ilə pulun üzərində olan toz M.Hüseynovun cibində də var idi“. Vəkil Vüqar Xasayevin suallarını cavablandıran T.Hüseynov  təqsirləndirilən və zərərçəkmiş şəxslə sonradan tanış olduğunu dedi.

     V.Xasayev “pul verilən anı görmüsünüzmü?“ sualına əvvəlcə “M.Hüseynov bizi görən kimi pulları yerə tulladı“ cavabını versə də, vəkil sualı ikinci dəfə təkrar etdikdən sonra “Xeyr. Mən içəri girəndə pullar artıq yerdə idi“ cavabını verdi. Dövlət ittihamçısı və zərərçəkmişin vəkili İlqar Abbasovun etirazından sonra hakim vəkilə təkrar suallar verməməyi tapşırdı. Daha sonra vəkil Vüqar Xasayev və Ramiz Musayev şahid qismində Bahəddin Həziyevin dindirilməsi üçün vəsatət verdilər. Zərərçəkmişin nümayəndələri buna etiraz etdikdən sonra məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etmədi.

     Daha sonra M.Hüseynov vəsatət vermək istədiyini bildirdi. “Bu işlə bağlı 3-4 versiya var. Bunlardan birini sübuta yetirsinlər. Onunla görüşüb pulu almağa razılaşmağıma səbəb qeyrət məsələsinə görədir. Nazir Fizuli Ələkbərovun ailəsi ilə bağlı söhbət olduğuna görə vəsatət verirəm ki, ailə başçısı kimi nazir şahid qismində dindirilsin“. Dövlət ittihamçısı və zərərçəkmişin vəkili İlqar Abbasov yenidən etiraz etdikdən sonra hakim vəsatəti təmin etmədi. Daha sonra M.Hüseynov növbəti vəsatətini təqdim etdi: “pulu aldığım məqamı görmək istəyirəm“. Hakim vəsatəti  təmin etdi və 45 dəqiqəlik fasilədən sonra avqustun 1-i telekanallarda yayımlanan  kadrlar məhkəmə zalında göstərildi. M. Hüseynov bildirdi ki, hadisə daha dəqiq əməliyyat zamanı MTN-nin əməkdaşının çəkdiyi kadrlarda öz əksini tapıb, bu kadrlar isə indiyə kimi bizə təqdim olunmayıb.

     Hakim isə işi yekunlaşdırmaq istədiyini bəyan etdi və tərəflərin buna  etiraz edib-etməmələrini soruşdu. Hüseynovun vəkilləri buna etiraz etsələr də, dövlət ittihamçısı və zərərçəkmişin vəkili məhkəmədən işin yekunlaşmasını istədi. Qısa müşavirədən sonra hakim sübutların təqdiminin yekunlaşdığını elan etdi. Daha sonra dövlət ittihamçısı son çıxışlar üçün vaxt istədi.  Məhkəmə 21 yanvar saat 10:00-a təyin edildi.