ZAHİDOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

yanvar 17th, 2008
Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Sevgiladə Quliyeva ifadə verib. Vəkil Elçin Sadıqov RATİ-yə bildirib ki, “S.Quliyevanın əvvəlki yazılı ifadələri ilə indiki ifadəsi bir-birindən fərqlənir. Belə ki, əvvəlki ifadələrində S.Quliyeva bildirib ki, Q.Zahid ona qarşı təhqiramiz sözlər işlədib. Bu günkü ifadəsində isə qeyd edib ki, Q.Zahid sadəcə olaraq onunla tanış olmaq istəyib”.

      Bundan sonra prosesə ifadə vermək üçün Azərbaycan Nəşriyyatının qarşısında növbə çəkən polis nəfəri Gündüz Həsənov dəvət olunub. G.Həsənov ifadəsində hadisəni görmədiyini bildirib. G.Həsənov yalnız onu deyib ki, Q.Zahid ona yaxınlaşaraq təzyiqə məruz qaldığını bildirib: “bu zaman Q.Zahidin paltarı cırılmış vəziyyətdə idi”.

     Bundan sonra prosesdə fasilə elan olundu. Fəsilədən sonra davam etməli olan proses vəkil Osman Kazımovun və şahidlərin olmamasına görə yanvarın 23-ü saat 11:00-a qədər təxirə salındı.

       Məhkəmə prosesini izləmək üçün gələn jurnalistlərin bəziləri məhkəmə zalına buraxılmadı. Məhkəmə nəzarətçiləri bunu zalda boş yerin olmaması ilə izah etdilər.  Prosesdə iştirak edə bilməyənlər məhkəmə nəzarətçiləri və əlavə çağırılan polis işçiləri tərəfindən məhkəmə binasından kənarlaşdırıldı və binanın qapıları bağlandı.