Dünən (14 yanvar) saat 16:30 radələrində “Azad Azərbaycan” (ATV) və “Lider” telekanallarının əməkdaşları (ATV-nin müxbiri Hafiz Hüseynoğlu və operatoru Eldəniz Vəliyev, “Lider”-TV-nin operatoru İlqar Səlmanoğlu və Habil Aslanoğlunun) Ermənistan və Azərbaycan hərbi birləşmələrinin Azərbaycanın Ağdam rayonu ərazisindəki təmas xəttində atəş altına düşüblər.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Lider” TV-nin bölgə müxbiri Habil Aslanoğlu məlumat verib.
H. Aslanoğlunun sözlərinə görə, Ağdam rayonunun işğal altında olan Şahbulaq kəndi ərazisində ermənilər tərəfdən kilsənin inşa edilməsini videolentə alarkən jurnalistlər erməni hərbçiləri tərəfindən atəşə tutulublar. Azərbaycan hərbçilərinin cavab atəşi açması nəticəsində jurnalistlər atəş altından çıxa biliblər.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında 1992-1994-cü illərdə baş vermiş müharibə nəticəsində Azərbaycan Respublikasının ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Respublikası və daha 7 Azərbaycan rayonu işğal olunub. 1994-cü ilin may ayının 12-dən tərəflər arasında atəşkəs elan edilsə də, hələ ki, sülh müqaviləsi imzalanmayıb.