“AZAD AZƏRBAYCAN” VƏ “LİDER” TELEKANALLARININ ÇƏKİLİŞ QRUPLARI ATƏŞƏ TUTULUBLAR

yanvar 15th, 2009
Dünən (14 yanvar) saat 16:30 radələrində  “Azad Azərbaycan” (ATV) və “Lider” telekanallarının əməkdaşları (ATV-nin müxbiri  Hafiz Hüseynoğlu və operatoru Eldəniz Vəliyev,  “Lider”-TV-nin  operatoru İlqar Səlmanoğlu  və Habil  Aslanoğlunun)  Ermənistan və Azərbaycan hərbi birləşmələrinin  Azərbaycanın Ağdam rayonu ərazisindəki təmas xəttində atəş altına düşüblər.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Lider” TV-nin bölgə müxbiri Habil Aslanoğlu məlumat verib.
H. Aslanoğlunun sözlərinə görə,  Ağdam rayonunun   işğal altında olan Şahbulaq kəndi  ərazisində ermənilər tərəfdən kilsənin inşa edilməsini  videolentə alarkən jurnalistlər erməni hərbçiləri tərəfindən atəşə tutulublar. Azərbaycan hərbçilərinin cavab atəşi açması nəticəsində jurnalistlər atəş altından çıxa biliblər.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında 1992-1994-cü illərdə baş vermiş müharibə nəticəsində Azərbaycan Respublikasının ərazisi olan  keçmiş Dağlıq Qarabağ Muxtar Respublikası və daha 7 Azərbaycan rayonu işğal olunub. 1994-cü ilin may ayının 12-dən tərəflər arasında atəşkəs elan edilsə də, hələ ki, sülh müqaviləsi imzalanmayıb.