"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin xarici işlər naziri Elmar Məmmədyarova qarşı vəzifəli şəxsin hərəkətsizliyi (informasiya sorğusunu cavablandırmamaq) ilə bağlı qaldırdığı iddiaya sabah (10 fevral) saat 15.00-da Apellyasiya Məhkəməsində baxılacaq.
Bu barədə məlumatı RATİ-yə baş redaktorun vəkili İsaxan Aşurov verib.
Qeyd edək ki, E. Məmmədyarovun Milli Təhlükəsizlik Nazirliyinə etdiyi müraciət əsasında Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair cinayət işi başlanmışdı. Xarici işlər naziri Fətullayevin "Əliyevlər müharibəyə gedir" başlıqlı yazısından Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də Fətullayev Məmmədyarova sorğu göndərərək narahat olduqları iddia edilən şəxslərin adlarının açıqlanmasını istəyib. Sorğu cavablandırılmadığı üçün Yasamal rayon Məhkəməsinə verilmiş iddia isə rədd edilmişdi.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.