BAŞ REDAKTORUN NAZİRƏ QARŞI İDDİASINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

fevral 9th, 2009
"Gündəlik Azərbaycan"  və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan   baş redaktoru  Eynulla  Fətullayevin  xarici işlər naziri Elmar Məmmədyarova qarşı vəzifəli şəxsin hərəkətsizliyi (informasiya sorğusunu cavablandırmamaq) ilə bağlı qaldırdığı iddiaya sabah (10 fevral) saat 15.00-da Apellyasiya Məhkəməsində baxılacaq.

Bu  barədə  məlumatı RATİ-yə baş  redaktorun   vəkili  İsaxan  Aşurov verib.
Qeyd edək ki, E. Məmmədyarovun Milli Təhlükəsizlik Nazirliyinə etdiyi müraciət əsasında Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair  cinayət işi başlanmışdı.  Xarici işlər naziri Fətullayevin "Əliyevlər  müharibəyə  gedir" başlıqlı  yazısından Azərbaycanda işləyən  xarici ölkə  vətəndaşlarının, iş adamlarının narahat  olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də Fətullayev Məmmədyarova sorğu göndərərək narahat olduqları iddia edilən şəxslərin adlarının açıqlanmasını istəyib. Sorğu  cavablandırılmadığı üçün Yasamal rayon Məhkəməsinə verilmiş iddia isə rədd edilmişdi.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.