Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında gənc bıoqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə görüşüb. Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilir ki, gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli yekunlaşdırıldığını E.Süleymanovanın diqqətinə çatdırıblar.
Müvəkkil onların məsələsinin barışıq yolu ilə həll olunması üçün aidiyyəti qurumlara müraciət etdiyini və vəziyyətlərini diqqətdə saxladığını söyləmişdir.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılaraq, avqustun 27-də məhkəməyə göndərilib.