OMBUDSMAN EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında gənc bıoqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə görüşüb. Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilir ki, gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli yekunlaşdırıldığını E.Süleymanovanın diqqətinə çatdırıblar.

A.Hacızadə  və E.Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətlənməmiş, vəkilləri ilə görüşdüklərini və qanunvericiliyə uyğun olaraq, ailələrindən sovqat aldıqlarını bildirmişlər.  
     Müvəkkil onların məsələsinin barışıq yolu ilə həll olunması üçün aidiyyəti qurumlara müraciət etdiyini və vəziyyətlərini diqqətdə saxladığını söyləmişdir.

     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılaraq, avqustun 27-də məhkəməyə göndərilib. 

Previous Post

ANS VƏ “YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR

Next Post

GƏNC BLOQÇULARIN APELYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.