Dünən (18 oktyabr) qardaşı oğlu Cavidan Hüseynov “Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Cavidan Hüseynovun özü məlumat verib.
“Müşfiq bildirdi ki, ona “xəstəliyin infiltrativ ocaqlığın dağılma mərhələsi” diaqnozu qoyulub. 2 gündür müalicəsinə başlanılsa da, irəliləyiş yoxdur, səhhəti ağır olaraq qalır. Müşfiq öskürdüyünü, hərarətinin 38-40 dərəcə arasında olduğunu, özünü halsız hiss etdiyini və iştahasının olmadığını bildirdi. Səhhəti ilə əlaqədar olaraq çəkisini 10 kq itirib. Müşfiq onu da qeyd etdi ki, burada ona 9 (doqquz) aylıq müalicə kursu təyin olunub” – deyən C. Hüseynov qeyd etdi ki, M. Hüseynov hüquq müdafiəçiləri, xüsusilə də Elçin Behbudovla görüşmək istəyir.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.