REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  (RATİ) və Media Hüququ İnstitutu (MHİ) xarici radiostansiyaların Azərbaycanın yerli FM tezliyində yayılmasının qadağan olunması ilə bağlı qərarın dəyişməyəcəyi və bu radioların yayımının qeyri-mümkün olması ilə bağlı hökumətin açıqlamalarını qətiyyətlə pisləyir.

2008-ci ilin dekabr ayının 30-da da Milli Televiziya və Radio Şurasının (MTRŞ) qəbul etdiyi  qərarla  Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların  – "Azadlıq", "Amerikanın Səsi" və BBC-nin  yerli FM tezliklərində  yayımı 1 yanvar 2009-cu ildən dayandırıb. Yerli  və beynəlxalq təşkilatların bu radioların yayımını bərpa etmək barədə çoxsaylı müraciətlərinə hökumətin cavabı həmişə qeyri-müəyyən olub.  Son günlərdə isə hökumətin yüksək rəsmiləri  – Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamalarında birmənalı şəkildə xarici radiostansiyaların yayımının mümkün olmadığını vurğulayıblar.

     RATİ  və MHİ bu açıqlamaları ictimai  marağa zidd addım kimi qiymətləndirir və Azərbaycan hökumətini təcili qanunvericilikdə dəyişiklik edərək, "Azadlıq", "Amerikanın səsi", BBC radiolarının yayımını bərpa etməyə çağırır.

     RATİ  və MHİ hökumətin diqqətinə çatdırır ki, BMT-nin İnsan Hüquqları Şurasının İşçi Qrupunun Azərbaycan üzrə hesabatında da bu məsələ ilə bağlı  tövsiyələr verilib. Sözügedən sənədin 15 saylı bəndində ifadə azadlığının və növündən asılı olmayaraq həm milli, həm də xarici müstəqil informasiya vasitələrinin (mətbuat, internet, radio yaxud televiziya) azadlığının tam şəkildə həyata keçirilməsini təmin etmək tövsiyə olunur. 17-ci bənddə isə media azadlıqlarını, xüsusilə yayımdan istifadə imkanlarını genişləndirmək, xarici  FM radiostansiyalarının yayımının qadağan edilməsinin qarşısının alınması ilə bağlı ATƏT-in tövsiyələrini icra etmək; beynəlxalq radiostansiyaların lisenziyalarının yenilənməsini təmin etmək üçün Televiziya və Radio Yayımı haqqında Qanuna mümkün qədər tez düzəliş etmək; radiolarla bağlı qərarını bir daha nəzərdən keçirmək və FM tezliklərində xarici radiostansiyaların yayımına icazə vermək də tövsiyə olunub.

     RATİ  və MHİ hökuməti bu tövsiyələrə əməl etməyə, televiziya və radio yayımı üçün yararlı olan çoxlaylı  tezliklərin istifadəsiz saxlanması təcrübəsinə son qoymağa, yeni radio və televiziya kanallarının yaranmasına əngəlləri, bu sahəyə investisiyaların, o cümlədən xarici investisiyaların, bilik və texnologiyaların gəlməsinə yaradılan hüquqi və inzibati maneələri aradan qaldırmağa, xarici radiostansiyaların FM tezliklərində yayımını bərpa etməyə çağırır. 

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Next Post

“PARALEL” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.