Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynova abidə ucaldılması üçün növbəti dəfə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətdə dəfələrlə bu barədə edilmiş müraciətlərin nəticəsiz qaldığı prezidentin diqqətinə çatdırılıb və Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ərəfəsində abidə qoyulması üçün yer ayrılmasına göstəriş verilməsi xahiş olunub. Həmçinin ayrılacaq ərazidə gələcəkdə digər şəhid olmuş jurnalistlərə də abidə ucaldılmasını təklif edilir. Heykəlin ucaldılması üçün lazım olan maliyyə vəsatətinin jurnalistlər tərəfindən təmin ediləcəyi də müraciətdə əksini tapıb.
Qeyd edək ki, martın 2-də saat 11.00-dan 13.00-dək RATİ-nin mətbuat mərkəzində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı Dəyirmi Masa keçiriləcək və tədbirdən sonra Elmar Hüseynovun məzarı ziyarət olunacaq.
Xatırladaq ki, 2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.