Məsələ ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovla əlaqə saxlamaq istəsək də, idarənin növbətçi hissəsindən onun iş yerində olmadığını bildirdilər. Baş vermiş hadisə ilə əlaqədar heç bir məlumata malik olmadığını deyən növbətçi köməkçisi Tağıyev, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətinə müraciət etməyimizi məsləhət gördü.
DİN mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov RATİ-yə bildirib ki, həmin aksiyada jurnalistin fiziki təzyiqə məruz qalması ilə bağlı onda heç bir məlumat yoxdur. “Sözügedən aksiya icazəsiz keçirildiyindən, polis aksiyanın qarşısını almaq və asayişi təmin etmək üçün müvafiq addımlar atmağa borcludur. Əgər həmin baş redaktorun əynində fərqləndirici jurnalist gödəkcəsi olmayıbsa, o zaman polisin onu digər aksiyaçılar kimi ərazidən uzaqlaşdırmaq və tabe olmazsa, adekvat addımlar atmaq ixtiyarı var” – deyə E.Zahidov bildirdi. “Jurnalist gödəkcəsinin olmaması polisin fiziki zor tətbiq etməsinə səlahiyyət verirmi?” – sualına cavab olaraq DİN rəsmisi bunları dedi: “Əgər jurnalist xüsusi geyimdə deyilsə, deməli aksiyaçılardan heç nə ilə fərqlənmir. Belə olan halda polisin asayişi qorumaq üçün atdığı addımlara tabeçilik göstərmirsə, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da polisin adekvat güc tətbiq etmək səlahiyyəti vardır.”
Qeyd edək ki, martın 12-də Türkiyə səfirliyinin qarşısında keçirilməsinə cəhd göstərilən icazəsiz aksiya Türkiyəyə dəstək xarakteri daşıyırdı. Belə ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı" kimi tanımaq barədə qanun layihəsini martın 5-də təsdiqləyib.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.