“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı polisin fiziki təzyiqinə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə.Zeynallının özü məlumat verib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı polisin fiziki təzyiqinə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə.Zeynallının özü məlumat verib. O bildirib ki, martın 12-də Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiyada olarkən, mülki geyimli polis zabiti ona zor tətbiq edib. “Qəzetin baş direktoru Nizami Həsənli ilə birlikdə maşından düşüb səfirliyə yaxınlaşarkən, aksiya keçirmək istəyən vətəndaşların əli dubinkalı polislər tərəfindən zorla maşına basılaraq aparıldığını gördük. Nə baş verdiyini öyrənmək istəyirdik ki, üstümüzə gələn mülki geyimli bir nəfər rusca “rədd ol” deyərək, əli ilə baş nahiyəmdən zərbə endirdi. Bundan sonra polislər bizi ərazidən uzaqlaşdırdılar“ – deyən Ə.Zeynallı qeyd etdi ki, orada həmin şəxsin Nəsimi rayon polis idarəsinin Süleyman adlı rəis müavini olduğunu öyrənib. “Ona yaxınlaşaraq, özümü təqdim etdim və kim olmasını, həmçinin məni vurmasının səbəbini soruşdum. Təhqir dolu ifadələrdən istifadə edərək bildirdi ki, məni millət vəkili, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlıya oxşadıb və bu səbəbdən zərbə endirib. Jurnalist olduğumu biləndən sonra xeyli yumşalan rəis müavini daha sonra ümumiyyətlə məni vurduğunu inkar etdi” – deyən “Xural” qəzetinin baş redaktoru vurğuladı ki, fiziki təzyiqə məruz qalması ilə bağlı Daxili İşlər naziri Ramil Usubova və Bakı Şəhər baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət hazırlayıb.

Məsələ ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovla əlaqə saxlamaq istəsək də, idarənin növbətçi hissəsindən onun iş yerində olmadığını bildirdilər. Baş vermiş hadisə ilə əlaqədar heç bir məlumata malik olmadığını deyən növbətçi köməkçisi Tağıyev, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətinə müraciət etməyimizi məsləhət gördü.

DİN mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov RATİ-yə bildirib ki, həmin aksiyada jurnalistin fiziki təzyiqə məruz qalması ilə bağlı onda heç bir məlumat yoxdur. “Sözügedən aksiya icazəsiz keçirildiyindən, polis aksiyanın qarşısını almaq və asayişi təmin etmək üçün müvafiq addımlar atmağa borcludur. Əgər həmin baş redaktorun əynində fərqləndirici jurnalist gödəkcəsi olmayıbsa, o zaman polisin onu digər aksiyaçılar kimi ərazidən uzaqlaşdırmaq və tabe olmazsa, adekvat addımlar atmaq ixtiyarı var” – deyə E.Zahidov bildirdi. “Jurnalist gödəkcəsinin olmaması polisin fiziki zor tətbiq etməsinə səlahiyyət verirmi?” – sualına cavab olaraq DİN rəsmisi bunları dedi: “Əgər jurnalist xüsusi geyimdə deyilsə, deməli aksiyaçılardan heç nə ilə fərqlənmir. Belə olan halda polisin asayişi qorumaq üçün atdığı addımlara tabeçilik göstərmirsə, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da polisin adekvat güc tətbiq etmək səlahiyyəti vardır.”

Qeyd edək ki, martın 12-də Türkiyə səfirliyinin qarşısında keçirilməsinə cəhd göstərilən icazəsiz aksiya Türkiyəyə dəstək xarakteri daşıyırdı. Belə ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı" kimi tanımaq barədə qanun layihəsini martın 5-də təsdiqləyib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

Previous Post

CƏLAL ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Next Post

JURNALİSTLƏRƏ YARDIM EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.