CƏLAL ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Bu gün (15 mart) Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin 10 fevral 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Məzahir Sadıqov, cavabdeh Azər Ayxan və onun nümayəndəsi Elçin Sadıqov iştirak edirdi.   E.Sadıqov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və bununla bağlı yazılı etiraz təqdim etdi.
Hakim şikayətin baxışa təyin edilməsi haqda qərar qəbul etdi. Növbəti proses 30 mart saat 16:30-a təyin edildi.
Xatırladaq ki, Cəlal Əliyev “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Nizami rayon məhkəməsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu il tarixində hakim iddia ərizəsinin düzgün hazırlanmamasını əsas göstərək, iddianın icraata götürülmədən rədd edilməsi barədə qərar çıxarmışdı.

 Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.