Bu gün (26 aprel) “Azadlıq” blokunun “İçərişəhər” metrostansiyasının qarşısında keçirdiyi etiraz aksiya zamanı jurnalistlər polisin və özlərini təqdim etməyən mülki geyimli şəxslərin fiziki təzyiqinə məruz qalıblar.
Qeyd edək ki, jurnalistlərə və aksiya iştirakçılarına təzyiq edən mülki geyimli şəxslər özlərini “vətəndaş” kimi təqdim etsələr də, onların Daxili İşlər Nazirliyi (DİN) sistemində çalışdıqları məlumdur. Belə ki, onların bəziləri digər aksiyalarda polis geyimində də iştirak ediblər.
Jurnalist Əfqan Muxtarlı da RATİ-yə bildirib ki, aksiya başlamamışdan əvvəl – saat 11.30-da “Sabir Bağı”nın qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədlinin polislər tərəfindən saxlanılmasını çəkərkən, polislər ona da fiziki təzyiq göstərərək, fotoaparatını sındırıblar. Onu polis maşınında apararaq, Lökbatan qəsəbəsində sərbəst buraxıblar.
Ancaq təxminən 30 nəfər Səbail rayon 8-ci polis bölməsində saxlanılıb. Axşam saatlarında isə məlum olub ki, həmin şəxslərdən 10 nəfərinin işi məhkəməyə verilib. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov “Azadlıq” radiosuna bildirib ki, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib olunub və məhkəməyə göndərilib.