EYNULLA FƏTULLAYEV MƏHKƏMƏDƏ İFADƏ VERİB

Bu gün (26 aprel) Qaradağ rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Fətullayevin vəkili İsaxan Aşurov aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalistin dərhal azadlığa buraxılması barədə qərar verdiyini xatırlatdı.

Aşurov vəsatət verərək, Fətullayevin dəmir barmaqlıqlardan buraxılmasını və özünün əyləşdiyi stolda Fətullayev üçün yerin ayrılmasını istədi. Hakim bu vəsatəti təmin etdi. Bu zaman konvoy rəisi Qəzənfər Həsənov hakimin qərarını icra etməkdən boyun qaçırmağa cəhd göstərdiyinə görə, prosesin davam etdirilməsi bir müddət təxirə salındı. Nəticədə hakimin qərarı yerinə yetirildi, konvoy rəisinə isə hakim tərəfindən xəbərdarlıq edildi.
 
Sərbəst ifadə verən Fətullayev həbsdə olduğu dövrdə ona qarşı keçmiş SSRİ-də siyasi məhbuslara qarşı istifadə  edilən təxribatlarla üzləşdiyini və sonuncu narkotik əməliyyatının bu təxribatlardan biri olduğunu bildirdi. Fətullayev onun və digər məhkumların axtarılması barədə qərarın dekabrın 28-də verilməsinə baxmayaraq, axtarışın dekabrın 29-da, özü də səhər baxışından sonra aparıldığını, bu qərarın iş materialları arasında olduğunu bildirdi. O, axtarış aparan şəxslərin onun gödəkcəsinin məhz bir hissəsini baxdıqlarını və oradan narkotik maddə aşkar etdiklərini, gödəkcənin digər hissələrinə ümumiyyətlə baxmadıqlarını bildirdi. “Mənim gödəkcəmdə yazılarımı gizlətmək üçün məxfi cib var, mən narkotik maddə gizlətmək istəsəydim, həmin cibdə gizlədərdim. Ən maraqlısı isə odur ki, axtarış aparanlar və sonradan ibtidai istintaq zamanı heç kim bu cibin olduğunu aşkarlamayıb” – deyə Fətullayev öz ifadəsində deyib.
 
Fətullayev bir sıra prosessual qaydaların pozulduğunu, tapılmış narkotik maddənin ölçüsünün, eyni zamanda foto şəklinin çəkilmədiyini, ona hüquq və vəzifələrinin bildirilmədiyini, axtarış zamanı  tələb etməsinə baxmayaraq vəkillə təmin edilmədiyini, hadisə barədə ailə üzvlərinin xəbərdar olunmadığını, bir-birini istisna edən iki ekspertiza rəyinin olduğunu və bir sıra digər xüsusatları qeyd etdi. O bütün bunları ona qarşı xüsusi əməliyyat qurulduğunu və Avropa Məhkəməsinin qərarı ərəfəsində təxribat edildiyini göstərən xüsusatlar kimi qiymətləndirdi.
 

Fətullayevin sərbəst ifadəsindən sonra ittiham tərəfinin şahidlərinin dindirilməsinə  başlanıldı. 12 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin rəisi Kərəm Şirinov tərəflərin suallarını cavablandırmağa başladı. İş vaxtı yekunlaşdığı üçün hakim Şirinovun dindirilməsini dayandıraraq növbəti prosesi 28 aprel saat 11.00-a təyin etdi.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Dünən açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
 
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
 
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində  cərimə kəsilib.
 
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
 
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

“AZƏRBAYCANDA MÜSTƏQİL TİBBİ EKSPERTİZA LAZIMDIRMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

POLİS JURNALİSTLƏRƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.