17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev mobil telefonuna hədə-qorxu xarakterli anonim zəngin daxil olması səbəbindən Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Bu barədə bu gün (20 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) B. Hacıyevin özü məlumat verib.
“Dünən səhər saat 04:57-də mənim mobil telefonuma anonim zəng daxil olub. Zəngin ümumi müddəti 34 saniyyə olmuşdu. Anonim zəngi qəbul edəndə yuxulu olduğumdan ilk deyilənləri tam anlamadım, amma zəng edən şəxs sonda "Gəncliyinə yazığın gəlsin" deyib zəngi sonlandırdı.” –deyən B. Hacıyev bu zəngin siyasi baxışları ilə əlaqəli olduğunu və son aylar ətrafında baş verən siyasi proseslərin bir hissəsi olduğunu güman etdiyini bildirdi.
Xatırladaq ki, B. Hacıyev noyabrın 18-də Gürcüstan ərazisinə keçmək istəyərkən, “Qırmışı körpü” sərhəd keçid məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hər hansı bir əsas olmadan saxlanılaraq, birbaşa Gəncəyə aparılıb. Qazax rayon regional hərbi prokurorluqda izahatı alındıqdan sonra Gəncə şəhər polis idarəsinə gətirilib. B. Hacıyevin sözlərinə görə, orada ona ölkədən kənara buraxılmamasının bir göstəriş olduğu deyilib. Noyabrın 19-da B. Hacıyev sərbəst buraxılıb.