Yanvarın 28-də Gədəbəydəki N saylı hərbi hissənin komandiri Asif Fərəcov "MilAz" İnformasiya Agentliyinin baş direktoru Cəsur Sümərinlini (Məmmədov) hədələyib. Bu barədə RATİ-yə məlumatı C.Sümərinlinin özü verib.
Jurnalistin sözlərinə görə, yanvarın 27-də Gədəbəy rayonunun Nova-Saratovka kəndinin bir qrup sakini “MilAz” İnformasiya Agentliyinə müraciət edib. Müraciətdə komadirinin qanunsuz olaraq hərbi hissəyə bitişik mağaza və yeməkxana tikdirməsindən söhbət gebib.
"Asif Fərəcov mənə telefon zəngi zamanı bildirdi ki, o böyük bir bölgənin sahibidir və onun haqqında məlumatı hansı haqqla verdiyimizlə bağlı mənə sual verdi, habelə məni məhkəmə ilə hədələdi”, – deyə C.Sümərinli vurğuladı.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində hərbi hissə komandirinin jurnalisti hədələmədiyini dedi: “Komandirlə mən də danışmışam. Sadəcə o jurnalistə məlumatı yoxladıqdan sonra dərc etməyi məsləhət bilib və ona yoxlanmamış məlumatı dərc etdiyi üçün məhkəməyə müraciət ede biləcəyini deyib”.