Mayın 4-də Sumqayıt şəhər Məhkəməsində cənc fəal Cabbar Savalanlı barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökm elan olunduqdan sonra AXCP Gənclər təşkilatının bir neçə üzvü və digər gənclər məhkəmənin qarşısında “Azadlıq!” şüarlar səsləndirməklə bu qərara etiraz ediblər.
Hadisə zamanı peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də polis zorakılığına məruz qalıblar. Belə ki, “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova, “Turan” informasiya Agentliyinin əməkdaşı Pərvanə Bayramova və “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları – Əbülfət Namazov və Fərqanə Novruzova polislərin fiziki təzyiqinə məruz qalıblar. Polislər “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadovanın kamerasını əlindən alıblar və az sonra özünə qaytarıldıqda orada olan bütün çəkilişlərin silinməsi məlum olub.
Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.