SUMQAYIT MƏHKƏMƏSİ QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Mayın 4-də Sumqayıt şəhər Məhkəməsində cənc fəal Cabbar Savalanlı barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökm elan olunduqdan sonra AXCP Gənclər təşkilatının bir neçə üzvü və digər gənclər məhkəmənin qarşısında “Azadlıq!”   şüarlar səsləndirməklə bu qərara etiraz ediblər.

Qabaqcadan əraziyə toplaşan 100 nəfərdən artıq polis və mülki geyimlilər isə  bundan sonra gənclərə, habelə jurnalistlərə qarşı hücuma keçiblər. Polislər qız-oğlana fərq qoymadan hamını qəddarlıqla döyüblər və bir neçə gənci  saxlayaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə aparıblar.

Hadisə zamanı peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də polis zorakılığına məruz qalıblar. Belə ki, “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova, “Turan” informasiya Agentliyinin əməkdaşı Pərvanə Bayramova və “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları – Əbülfət Namazov və Fərqanə Novruzova polislərin fiziki təzyiqinə məruz qalıblar. Polislər “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadovanın kamerasını əlindən alıblar və az sonra özünə qaytarıldıqda orada olan bütün çəkilişlərin  silinməsi məlum olub.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

VAŞİNQTONDA MƏTBUAT AZADLIĞINA DAİR KONFRANS KEÇİRİLİB

Next Post

GƏNC FƏAL CABBAR SAVALANLI 2 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.